Bakı. Əli Əhmədov - APA-Economics. Gələn ildən etibarən Azərbaycan ərazisində istifadə olunan radiasiya və rentgen şüalanmasını ölçən bütün cihazların işi nəzarətə götürüləcək.
«APA-Economics»in məlumatına görə, bu nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində yaradılan və yaxın vaxtlarda fəaliyyətə başlayacaq Dövlət Dozimetrik Etalonları Laboratoriyası həyat keçirəcək.
Yeni laboratoriya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin texniki dəstəyi ilə yaradılıb. Artıq laboratoriyanın bütün zəruri avadanlıqlarla təchizatı və komplektləşdirilməsi başa çatıb. Laboratoriya istifadəyə verildikdən sonra ölkədə istifadə olunan radiasiya və rentgen şüalanmasını ölçən bütün cihazların dövlət yoxlanışı həyata keçiriləcək.
“Çox kəskin ehtiyac duyulan geniş bir sahə olmaqla yanaşı, əhalinin şüalanmaya nə dərəcədə məruz qaldığını, istər iş şəraiti, istərsə ərzaq, ekoloji, tibbi xidmət təhlükəsizliyinin təminatı baxımından bu laboratoriyanın qurulması respublikamız üçün çox mühüm və faydalıdır”. Dozimetriya Etalonları Laboratoriyasının müdiri Elmar Şahverdiyev «APA-Economics»ə bildirib ki, Dozimetrik laboratoriya Azərbaycandakı rentgen və «qamma» diapazonunda işləyən ölçmə vasitələrinin, yəni dozimetrik cihazların yoxlanmasını və kalibrləşdirilməsini həyata keçirəcək: «Əsas məqsəd rentgen və qamma terapiya sahəsində işləyən insanların aldığı şüalanma dozalarının miqdarının dəqiq müəyyən edilməsi, yəni insan sağlamlığının qorunmasına nəzarətdir».
Laboratoriya rəhbəri bildirib ki, son vaxtlar Azərbaycanda rentgen və digər radiasiya aparatlarından tibb sahəsində geniş istifadə olunur: «Hazırda ölkədə olan rentgen aparatlarının sayı minlərlə ölçülür. Bunlardan bir hissəsi hələ sovet dövründən qalıb». Yeni laboratoriyanın açılması həm bu aparatlarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətə, həm də insanların aldığı şüa normalarına nəzarət etməyə imkan verəcək. Bu laboratoriya vasitəsilə xəstələrə verilən şüaların keyfiyyətinə nəzarət oluna biləcək. Bundan başqa, yeni laboratoriya sərhəd və gömrük keçid məntəqələrində, hava limanlarında və s. sahələrdə istifadə olunan təhlükəsizlik nəzarət qurğularının keyfiyyətinə və işinə nəzarət etməyə imkan verəcək: «Bir sözlə, ümumiyyətlə, Azərbaycanda radiasiya ilə məşğul olan və rentgen sahəsində işləyən bütün cihazların yoxlanmasını və kalibrlənməsini həyata keçirə biləcəyik».
Hazırda ölkədə istifadə olunan rentgen və digər şüalanma aparatlarının standartlara uyğunluğu və keyfiyyətinə gəlincə, E.Şahverdiyev bildirib ki, ölkədəki bəzi rentgen aparatlarının istismar dövrü başa çatıb. Bunlar əsasən sovet dövründən qalmış rentgen qurğularıdır: «Bu sahə demək olar ki, tədqiq olunmayıb. Bu, bütün dünya ölkələrinin, o cümlədən MDB ölkələrinin əksəriyyətinin rastlaşdığı problemdir».
Prosedura əsasən, rentgenoloq xəstəni rentgen qurğusuna salmazdan əvvəl ona veriləcək şüanın dozasını müəyyən edir və bu zaman şüalanmanın dozası məhz ölçü cihazının vasitəsilə təyin olunur. Buna görə də ölçü cihazının dəqiq işləməsi xəstənin sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Çünki şüalanma dozası dəqiq müəyyən edilməsə, xəstə ya həddən artıq, ya da lazım olandan az şüa ala bilər. Birinci halda bu birbaşa sağlamlığa zərərdir, ikinci halda isə aparılan rentgen yoxlamasının və ya müalicəsinin effekti olmayacaq: «Adətən, rentgen aparatlarının istehsalçısı bu avadanlığın keyfiyyətli fəaliyyəti ilə bağlı müəyyən müddətə təminat verir. Bu müddətdən sonra həmin aparatların fəaliyyətinə ciddi nəzarət edilməlidir. Həmin cihazlar hər il laboratoriyada yoxlamadan keçməli və ona müəyyən olunmuş sertifikatlar verilməlidir. Yoxlama aparan cihazların sayı - «qamma» diapazonunda işləyənlərin sayı 1000-ə yaxındır, rentgen ölçmə cihazlarının sayı isə hələ dəqiq məlum deyil. İstisna edilmir ki, bəzi klinikalarda ölçü cihazları ümumiyyətlə olmasın».
Laboratoriya işə düşəndən sonra ölkədəki bütün rentgen qurğuları iş qrafiki üzrə mütəmadi yoxlanacaq. Yoxlamalar ilk növbədə Bakı şəhərindən başlanacaq. Tələblərə əsasən, aparatlar azı ildə bir dəfə yoxlanacaq.