Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam etdirilir.
«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, mayın 15-dən 30-dək dəmir yolunun Pirsaat-Nəvahi mənzilində 14 km yol əsaslı təmir olunacaq: «Bu gün artıq səhər saatlarında köhnə yolun xeyli hissəsi sökülüb».
Qeyd edək ki, Dövlət Proqramının icrası çərçivəsində əsaslı təmir işlərinə 2011-ci ilin iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci km-də start verilib və bu günədək 227,5 km yol əsaslı təmir olunub.
Əsaslı təmir işlərini «Azərbaycan Dəmir Yolları» QSC «Dəmiryolservis» MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiya «EximBank»ının nəzarət qrupu müşahidə edir.