Mingəçevir. Elvin Yaqubov - APA. Bu gün nəqliyyat naziri Ziya Məmmədov Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində bölgə vətəndaşlarını qəbul edib.
APA-nın yerli bürosunun xəbərinə görə nazir Mingəçevir şəhər və Samux rayon sakinlərini, eləcə də Mingəçevir şəhərində məskunlaşan məcburi köçkünləri qəbul edərək onların şikayət və təkliflərini dinləyib.
Nazir qəbulda vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verib, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi üçün lazımi işlərin görüləcəyini bildirib. Vətəndaşların müraciətləri əsasən yolların bərpası, körpülərin salınması, Bakı-Mingəçevir sərnişin qatarının fəaliyyətinin bərpa edilməsi, işlə təmin olunmaq və digər məsələlərlə bağlı olub. Qəbulda vətəndaşları narahat edən bəzi məsələlər elə yerindəcə həllini tapıb, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.