Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidmətinin təşkilatçılığı ilə oktyabrın 21-22-də Bakı şəhərində “Koomet” Regional Metrologiya Təşkilatının (Avro-Asiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı) TK1.11 “Vaxt və tezlik” Texniki Komitəsinin 9-cu iclası keçirilib.
Komitədən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Dövlət Metrologiya Xidməti əməkdaşları ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun, Belarus, Türkiyə və Rusiyanın metrologiya təşkilatlarının nümayəndələri iştirak edib.
Komitə yanında Dövlət Metrologiya Xidmətinin rəisi Oktay Abbasov Azərbaycanda metrologiya sahəsində görülmüş işlər və gələcək planlar barədə tədbir iştirakçılarına məlumat verib. Türkiyənin Elmi və Texnoloji Araşdırma Şurasının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) əməkdaşı Dr. Ramiz Hamid təqdimatla çıxış edərək vaxt və tezlik sahəsi üzrə EUROMET və TÜBİTAK UME-də hazırda aparılan işlər barədə iclas iştirakçılarına geniş məlumat verib.
Tədbirdə həmçinin, “Koomet”in TK 1.11 “Vaxt və tezlik” Texniki komitəsinin sədri prof. Vitaliy Palçikov və digər ölkələrin nümayəndələri müvafiq mövzular üzrə təqdimatlarla çıxış edib və əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.
Tədbirin sonunda “Koomet” TK 1.11 “Vaxt və tezlik” üzrə Texniki Komitəsinin iştirakçıları Komitənin Milli Etalon Mərkəzinə gələrək laboratoriyalarla tanış olublar.