APA-nın xəbərinə görə, iki gün davam edəcək iclasda Xəzərətrafı ölkələrin balıqçılıq təsərrüfatı nazirliklərinin və komitələrinin rəhbər nümayəndə heyəti iştirak edir.
İclası giriş sözü ilə açan Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev tədbirin əhəmiyyəti barədə danışaraq gündəlikdə duran məsələlər barədə məlumat verib. O bildirib ki, iclasın gündəliyinə əsasən tədbirdə balıq ovu kvotasının mənimsənilməsi, süni balıqartırma və balıq ehtiyatlarının mühafizəsi üzrə 2011-2012-ci illərdə görülən işlər barədə məlumat veriləcək, dəniz ekspedisiyalarının və elmi-tədqiqat işlərinin nəticələrinə əsasən balıq ehtiyatlarının müasir vəziyyəti barədə hesabatlar təqdim olunacaq, 2013-cü il üçün Xəzər dənizində su bioresurslarının ümumi ovunun həddi və onun milli kvotalara bölünməsi məsələsinə baxılacaq, nərəcinsli balıqların sənaye ovuna qadağa qoyulması məsələsinə aydınlıq gətiriləcək.
Qazaxıstanın balıq təsərrüfatı komitəsinin sədr müavini Nariman Junusov deyib ki, təkcə 2012-ci ildə Qazaxıstan tərəfindən 2,7 ton nərəcinsli balıq emal olunub. Qazaxıstanda artıq nərəcinsli balıqlarının sənaye məqsədilə ovuna qadağaların qoyulduğunu N.Junusovun sözlərinə görə, bu əməlləri edənlər 3 ilədək azadlıqdan məhrum etmə və əmlakın müsadirə olunması ilə cəzalandırılırlar.
İranın Şilatın balıqçılıq və liman şöbəsinin rəhbəri Əli Əsgər Möcahedi isə qeyd edib ki, İran hər il nəsli kəsilən balıqların bərpa olunmasına səylərini artırır. Onun sözlərinə görə, Xəzərdə nərəkimilərin azalmasının qarşısını almaq üçün 5 Xəzəryanı ölkənin əməkdaşlığı qarşıya çıxan problemlərin həllinə şərait yarada bilər.
Rusiya nümayəndə heyətinin üzvü Valeriy Paltsev əlavə edib ki, Rusiyada qəbul olunan proqrama əsasən 2020-ci ilədək kompleks tədbirləri əhatə edən işlər görüləcək. Onun sözlərinə görə, Rusiya tərəfindən balıq ehtiyatının qorunması və artırılması ilə bağlı silsilə tədbirlər həyata keçirir.
Qeyd edək ki, iki gün davam edəcək iclasda Rusiya Federasiyası tərəfindən təklif edilmiş “Xəzər dənizində nərəcinsli balıqların ehtiyatlarının qorunması barədə” saziş layihəsi müzakirəyə çıxarılacaq. Bundan başqa, Türkmənistan tərəfindən irəli sürülmüş “Xəzər dənizinin su bioresurslarının qorunması və ehtiyatlarından səmərəli istifadə edilməsi” barədə Saziş layihəsi müzakirə olunacaq.
İclasın sonunda növbəti iki ildə sədrlik Komissiyanın Nizamnaməsinə uyğun olaraq rotasiya qaydasında Rusiya Federasiyasına keçəcək.