Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 14 oktyabr 1946-cı ildə 25 ölkənin nümayəndələri standartlaşdırma üzrə milli qurumların fəaliyyət güclərinin birləşdirilməsi və işlərinin koordinasiyasını həyata keçirmək üçün yeni təşkilatın yaradılması məqsədilə Böyük Britaniyanın London şəhərində toplaşıblar.
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bir il sonra Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) isə rəsmən fəaliyyətə başlayıb.
Bu günün standartlaşdırma günü kimi qeyd edilməsi İSO-nun prezidenti Faruk Sunterin (Türkiyə) təşəbbüsü ilə 1970-ci ildən qərara alınıb. Həmin dövrdən bu gün bütün standartlaşdırma üzrə digər qlobal təşkilatlar tərəfindən də qeyd edilir. İSO-ya üzv ölkələrdən başqa, Beynəlxalq Elektrotexniki Komissiya (İEC), Beynəlxalq Telekommunikasiya Birliyi (İTU) və başqa təşkilatlar da bu günün qeyd edilməsinə xüsusi önəm verirlər.
İqtisadiyyatın inkişafında standartlaşdırmanın rolu ildən ilə artır. Standartlaşdırmanın əsas məqsədləri istehsalın effektivliyinin artırılması, istehlakçılara çatdırılan mal, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi, insan sağlamlığının qorunması istiqamətində təhlükəsizlik normalarının daha da təkmilləşdirilməsi, ətraf mühitin qorunması, Ümumdünya Ticarət Təşkilatına üzvlük çərçivəsində tələblərdən biri olan Ticarətdə Texniki Maneələrin aradan qaldırılmasına yardımçı olan standartların yaradılması və s.-dən ibarətdir.
Hazırda Azərbaycanda standartlaşdırmanın inkişaf etdirilməsi, beynəlxalq standartlarla harmonizasiya, beynəlxalq tələblərə cavab verən yeni milli standartların yaradılması və standartlar fondunun genişləndirilməsi, təkmilləşdirilməsi əsas məqsədlərdəndir. Ölkə başçısı İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq respublikada tətbiq edilən milli standartların Avropa standartlarına uyğunlaşdırılması prosesi uğurla davam etdirilir. Azərbaycanda keyfiyyət infrastrukturunun inkişafı və tənzimlənməsi standartlaşdırma, akkreditasiya, sertifikatlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi fəaliyyət istiqamətləri vasitəsilə həyata keçirilir.
Ölkəmizdə standartlaşdırmanın inkişaf etdirilməsi və bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi, tətbiq edilməsi istiqamətində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi İSO, İEC, CEN, CENELEC, MDB üzrə Dövlətlərarası Şura (MQS), Codex Alimentarius Komissiyası və s. bu kimi regional və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Azərbaycan bu təşkilatlarda həm müşahidəçi, tərəfdaş üzv kimi, həm də tam üzv kimi çıxış edir.
Standartlaşdırma sahəsində 2013-cü il ərzində beynəlxalq əməkdaşlıq əlaqələri inkişaf etdirilib, müvafiq tədbirlər həyata keçirilib. Standartlaşdırma üzrə Milli Texniki Komitələrin formalaşdırılması və onların fəaliyyətinin əlaqələndirilməsi istiqamətində də bir sıra işlər aparılır. Hazırda standartlaşdırma sahəsi üzrə müxtəlif dövlət qurumları və özəl təşkilatlarla birgə yaradılan yeyinti və kənd təsərrüfatı məhsulları, neft-kimya və kimya məhsulları, mebel məhsulları, informasiya-kommunikasiya texnologiyaları, turizm, keyfiyyətin idarə olunması, ekologiya, torpağın qiymətləndirilməsi və geomatika sahələrini əhatə edən texniki komitələr fəaliyyət göstərir. Hazırda iqtisadiyyatın digər sahələrini əhatə edən texniki komitələrin yaradılması üzərində işlər aparılır.
Bu il ərzində 49 yeni standart dövlət qeydiyyatına alınıb. Bunların sırasında “DVB-T sistemi üçün yerüstü rəqəmli televiziya qəbulediciləri”, “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”, “Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınması. Əmlak adlarına ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsi”, “Polad, beton və kompozit körpülər”, “Gəmi lövbərləri”, “Nəqliyyat vasitələrinə texniki xidmət və təmir”, “Bərbərxana xidmətləri”, “Biometrik verilənlərin mübadilə formatları” və s.ləri göstərmək olar.
Hazırda Azərbaycanda 709 milli standart və 20878 dövlətlərarası standart (QOST) qüvvədədir.