Bakı. Nicat Mustafayev – APA-Economics. Cenevrədə (İsveçrə) İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin (WSIS - World Summit on the Information Society) qərarlarının yerinə yetirilməsi üzrə Forum çərçivəsində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə «TASIM/EuraCA: Avrasiya regionunda rabitə bağlantısının yaxşılaşdırılması üçün yeni platformalar» mövzusunda tematik seminar keçirilib.
«APA-Economics»in Nazirliyə istinadən verdiyi məlumata görə, seminarda rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxış edərək iştirakçıları, eləcə də Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Hamadun Tureni Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi haqqında məlumatlandırıb.
Seminarda çıxış edən H.Ture qeyd edib ki, layihənin həyata keçirilməsi təşəbbüsü bütün regionunun inkişafına töhfə verəcək.
Tədbirdə regionda rəqəmli texnologiyalarda fərqliliyin aradan qaldırılmasının zəruriliyi və Avrasiya ölkələrinin inkişafı üçün vasitə hesab edilən TASIM layihəsinin həyata keçirilməsinin müstəsna əhəmiyyəti bir daha xüsusi olaraq vurğulanıb.
Seminar təxminən 80 ölkədən olan ekspertlərin diqqətini cəlb edib və fəal dialoq şəraitində keçirilməklə dinləyicilərə onları maraqlandıran sualları vermək üçün imkan yaradılıb.
Cenevrə Forumu çərçivəsində nazir müavini E.Vəlizadə həmçinin 2015-ci ildən sonra informasiya cəmiyyətinin gələcək inkişafını müəyyənləşdirməyə yönələn WSIS+10 plenar iclasında da çıxış edib. Nazir müavini çıxışında Azərbaycanda 2003-cü ildən başlayaraq İKT sektorunun təşəkkülü, sektorda əldə edilən uğurlar və gələcək perspektivlər, genişzolaqlı infrastrukturun genişləndirilməsi, elektron xidmətlərin geniş tətbiqi barədə danışıb.
Qeyd edək ki, TASİM layihəsi vacib regional təşəbbüsdür və onun məqsədi əsasən Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Layihə Frankfurtdan (Almaniya) Honq-Konqa istiqamətlənən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. BMT Baş Assambleyası layihə üzrə 2 qətnamə qəbul edərək onu dəstəkləyib.