Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın mühüm infrastruktur obyektlərindən olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun tikintisi yekunlaşmaq üzrədir, Bu ilin sonuna qədər qurğunun sınaq istismarı həyata keçiriləcək.
“APA-Economics”in məlumata görə, bunu “Azərsu” ASC-nin 9 ayın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirəsi zamanı cəmiyyətin sədri Qorxmaz Hüseynov bildirib.
Onun sözlərinə görə, bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə dövlət büdcəsi hesabına, həm də beynəlxalq maliyyə qurumları ilə birgə maliyyələşdirilən layihələrin icrası davam etdirilib: “Dövlət başçısının əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su il təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq ötən müddətdə ölkənin bütün bölgələrində tikinti-quraşdırma işləri davam etdirilib”.
Q. Hüseynov bildirib ki, Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun tikintisi başa çatdıqdan sonra, “Azərsu” ASC artıq suyun keyfiyyəti ilə bağlı mühüm addımlar atmış olur: “Böyük layihələrimizdən biri olan Ceyranbatan-Balaxanı-Qala-Zirə magistral su xəttinin Qala-Zirə hissəsinin tikintisi başa çatdırılıb. Bununla da Abşeron yarımadasında ciddi bir su mənbəyi yarada bilmişik. Magistral su xəttinin marşrutu boyunca iritutumlu anbarların bir hissəsinin tikintisi yekunlaşıb, bəzi anbarların inşası davam etdirilir”.