Bank Of Baku

Daşkəsəndə “İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər” mövzusunda tədbir keçirilib

Daşkəsəndə “İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər” mövzusunda tədbir keçirilib
# 17 may 2013 15:37 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Daşkəsəndə «Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər» mövzusunda tədbir keçirilib.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, Daşkəsən və ətraf rayonların icra hakimiyyətlərinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndələri və 130-a yaxın sahibkar iştirak edib.

 

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov «Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)» və «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» Azərbaycan prezidentinin fərmanına uyğun olaraq nazirliyin internet səhifəsində elektron xidmətlər bölməsinin yaradıldığını qeyd edib: «Bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların və malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib. Ümumiyyətlə, nazirlik tərəfindən 7 istiqamətdə interaktiv, 10 istiqamət üzrə isə informativ elektron xidmətlər göstərilir. Artıq sahibkarlar İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərdən istifadə edərək tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini on-line rejimində həyata keçirə və ya ödənişə dair təsdiqedici sənədləri elektron qaydada müvafiq sənədlərə əlavə edərək göndərə bilərlər. Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da həyata keçirilir. Eyni zamanda elektron informasiya ehtiyatlarından “Elektron Hökumət” portalına qoşulmuş digər dövlət orqanlarının istifadə etmələri üçün göstərilən elektron xidmətlər üzrə informasiya-məlumat bazasının yaradılması təmin olunub, göstərilən hər bir elektron xidmət üzrə ayrıca inzibati reqlamentlər müəyyən olunub».

 

Z.Qasımov həmçinin bildirib ki, bütün bunlarla yanaşı, İqtisadi İnkişaf Nazirliyinin elektron informasiya resursları vasitəsilə vətəndaşların online rejimində qəbula yazılmaları, onların müraciətlərinin online rejimdə qəbulu və cavablandırılması, vətəndaşların nazirliyin məsul işçiləri ilə canlı video əlaqəsi, vətəndaşlarla online rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), icazələrin elektron informasiya portalı, elektron ticarət portalı, sahibkarlıq subyektləri və vətəndaşlar üçün nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informativ elektron xidmətlərin göstərilməsi təşkil olunub.

 

Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin sektor müdiri Allahverdi Paşayev İqtisadi İnkişaf Nazirliyi tərəfindən Avropa İttifaqının “İqtisadi İnkişaf Nazirliyinə Dəstək” layihəsi ilə birgə Avropa İttifaqı bazarına Azərbaycandan ixracın asanlaşdırılması məqsədilə yaradılmış ixracata yardım Xidmət Mərkəzinin internet səhifəsi, bu səhifədən istifadə qaydaları və Avropa İttifaqının Ümumiləşdirilmiş İmtiyazlar Sistemi (GSP) barədə sahibkarları məlumatlandırıb.

 

Nazirliyin Elektron idarəetmə şöbəsinin müdiri Kamran Əliyev tədbir iştirakçıları üçün əyani olaraq lisenziyaların alınması, qrant müqavilələrinin qeydiyyatı, mənşə sertifikatının verilməsi, cərimələrin və maliyyə sanksiyalarının ödənilməsi, vətəndaşların online qəbulu və s. xidmətlərdən on-line rejimində istifadə prosedurunu nümayiş etdirib.

 

Tədbirdə iştirak edən ASK-ın, GIZ-in, Azərbaycan Sahibkar Qadınlar Forumunun nümayəndələri elektron xidmətlərin tətbiqinin bu sahədə səmərəliliyin yüksəlməsinə, sahibkarlar və icra strukturları arasında əlaqələrin keyfiyyətinin yaxşılaşmasına, operativliyin təmin olunmasına, şəffaflığın daha da artırılmasına müsbət təsir göstərdiyini bildirmiş, qabaqcıl texnologiyaların tətbiqi ilə elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlərin əhəmiyyətini qeyd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR