Bakı. Əli Əhmədov – APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən elektron xidmətlərin tətbiqi daşınmaz əmlakın qeydiyyatı və onunla bağlı əməliyyatların aparılmasını sadələşdirib, buna sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldıb və neqativ halları aradan qaldırıb.
«APA-Economics»in məlumatına görə, bu barədə ƏMDK-nın aparat rəhbəri İlqar Həbiyev bildirib.
Onun sözlərinə görə, bütün bunların nəticəsində qeydiyyat prosesi intensivləşib: «Aparılmış işlərin nəticəsidir ki, artıq ölkəmizdə qeydiyyat prosesi kifayət qədər intensivləşib və müxtəlif neqativ hallara qarşı mübarizə daha da kəskinləşib: “Bu hallar yolverilməzdir. Çünki elektron imkanlar və xidmətlər bu tip məsələləri tamamilə aradan qaldırmaq imkanına malikdir”».
Aparat rəhbəri deyib ki, daşınmaz əmlakın qeydiyyat müddəti 7 günə, məhdudiyyət arayışlarının («forma 1») alınması isə 1 günə endirilib: «Qeydiyyat, əsasən də təkrar bazarda alqı-satqı zamanı təqdim olunan sənədlər ən qısa müddətdə 7 gündən gec olmayaraq baxılır, bəzən vətəndaşları və mülkiyyət sahiblərini narahat edən «Forma 1» deyilən arayışlar artıq demək olar ki, müsbət baxış vəziyyətinə gəlib. Və əgər hər hansı problem olmazsa, vətəndaşlar bu arayışı 1 gün ərzində də ala bilərlər. Hər hansı bir araşdırmalar tələb olunduqda isə 1-3 gün ərzində məsələlərə baxılır. Yəni əvvəlki kimi müddətlər tələb olunmur. Bu da göstərildiyi kimi, elektron xidmətlərin nəticəsidir».
İ.Həbiyev bildirib ki, elektron xidmətlərin tətbiq olunması üçün ƏMDK tərəfindən qeydiyyat sisteminin işi təkmilləşdirilib, sistem yeni texnologiya və avadanlıqlarla, eləcə də yeni binalarla təmin edilib.
Hazırda elektron xidmətlərin göstərilməsi üçün arxiv məlumatların elektronlaşdırılması prosesi gedir. Çünki elektron xidmət göstərilməsi üçün məlumatın özü elektron formatda olmalıdır. Əks halda, hər hansı elektron xidmətdən söhbət gedə bilməz: «Bu məlumat kağız üzərindədirsə, saralmış arxiv kağızındadırsa, əlbəttə ki, o məlumatı əldə etmək üçün çoxlu insanlar lazımdır, onu seçib hazırlamaq üçün isə çoxlu vaxt tələb olunur. Ona görə də məlumat bazasının elektron formata gətirilməsi bizim qarşımızda duran ən böyük məsələlərdən biri idi ki, biz artıq bunun həllinə nail olmaqdayıq. Yaxın vaxtlarda bu məsələ həllini tapacaq ki, nəticədə bütün elektron xidmətləri birbaşa mənasında tətbiq etmək mümkün olacaq».