Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən elektron portalın ictimai təqdimatı keçirilib.
“APA-Economics”in xəbərinə görə, təqdimat mərasimində komitənin, İKT sahəsində fəaliyyət göstərən və komitənin əməkdaşlıq etdiyi şirkətlərin, habelə daşınmaz əmlak bazarında fəaliyyət göstərən QHT və şirkətlərin nümayəndələri iştirak edib.
Tədbirin keçirilməsində məqsəd komitənin vahid elektron portalda cəmləşdirilmiş elektron xidmətləri barədə vətəndaşların və biznes qurumlarının məlumatlandırılması, ictimai agahlıq və izahat işlərinin aparılmasıdır. Tədbirdə ƏMDK-nin göstərdiyi elektron xidmətlər, eləcə də yeni istifadəyə veriləcək 9 elektron xidmət haqqında məlumat verilib.
Təqdimatda elektron xidmətlər portalına həsr olunmuş prezentasiyalar keçirilib, elektron xidmətlərin göstərilməsi proseduru və qaydaları əyani şəkildə nümayiş etdirilib. Bildirilib ki, elektron xidmətlərin tətbiqi dövlət orqanları tərəfindən əhaliyə xidmət prosesində məmur-vətəndaş ünsiyyətini şəffaflaşdırmağa, vaxta qənaət etməyə, prosedurları sadələşdirməyə imkan verir. Bu işlərin davamı olaraq ƏMDK-nın fəaliyyət sahələri üzrə təşkil edilmiş elektron xidmətlərdən əhalinin daha çevik və rahat istifadə etməsi məqsədilə vahid portalda (e-emdk.gov.az) cəmləşdirilib. Komitənin fəaliyyət sahələri üzrə təşkil edilmiş 13 elektron xidmətlərlə bağlı bölmələr bu portalda yerləşdirilib. Portalda həmçinin qanunvericilik və inzibati reqlamentlər, ərizə formaları, dövlət rüsumu haqqında, xidmət haqqı tarifləri, elektron imza, video çarxlar, nəşrlər, statistik məlumatlar kimi bölmələr, elektron xidmətlərdən istifadə qaydalarını əks etdirən materiallar və video roliklər yerləşdirilib.
ƏMDK-nın təqdim etdiyi elektron xidmətlər portalı vətəndaşlarla komitənin qurumları arasında şəffaf və maneəsiz əlaqə yaradılması, vətəndaşların müxtəlif istiqamətlər üzrə vahid məkanda, yığcam və çevik elektron xidmətlər əldə edilməsinə şərait yaradır. Komitə aparatının rəhbərin İlqar Nəbiyev bildirib ki, portalda informativ və interaktiv tipli elektron xidmətlər təqdim olunub. İ.Nəbiyev bildirib ki, komitə tərəfindən 2012-ci ilin mayından etibarən elektron xidmətlərin tətbiqinə başlaması nəticəsində qeydiyyat müddətləri əsaslı şəkildə azaldılıb, vətəndaşlar təkrar qeydiyyatla bağlı sənədləri 7 gün ərzində, əmlak barədə arayışları 1-5 gün ərzində əldə etmək imkanına malikdirlər. Elektron xidmətlərin tətbiqindən indiyədək keçən vaxt ərzində 3500-dən artıq müraciət daxil olub və baxılıb. Portal vasitəsilə elektron xidmətlərə çıxış rahat və sərbəstdir, eləcə də burada xidmətlərə görə şəffaf və çevik ödəniş imkanları təqdim olunur.