Hacıqabul. Əlibəy Zeynallı-APA. 2865 nəfər sakini olan Qubalı-Baloğlan kəndinə içməli su xətti yenidən çəkilib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Qubalı-Baloğlan kəndinin su təchizatının yenidən qurulması kəndin su təchizatını yaxşılaşdırıb.
Kür-Bakı magistral su kəmərindən Qubalı-Baloğlan kəndinə 355 mm diametrli polietilen borularla 9,3 kilometr uzunluğunda su xətti çəkilib. Kənddə ümümi tutumu 600 kub metr olan 2 ədəd su anbarı inşa olunub. Hər bir evə fərdi qaydada su xəttinin çəkilməsi və kənddaxili su şəbəkəsinin yenidən qurulması nəzərdə tutulub.
Qeyd edək ki, Qubalı-Baloğlan kəndinin su ilə təchizatı 1983-cü ildən fəaliyyət göstərib. Bundan əvvəl kəndin içməli su təlabatını Pirsaat çayı təmin edirdi. Çayın yayda quruması isə bu aylarda içməli su ilə təchizatda problemlər yaradırdı.