Bakı. Viktoriya Dementyeva - APA-Economics. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) Azərbaycanı ölkənin iqtisadi inkişafında aviasiyanın rolunu artırmaq məqsədilə aviasiya təhlükəsizliyini və tənzimlənməsini yüksəltmək üçün tədbirlər görməyə çağırıb.
“APA-Economics”in IATA mətbuat xidmətinə istinadən xəbərinə görə, bunu assosiasiyanın baş direktoru Toni Tayler Azərbaycan mülki aviasiyasının 75 illiyinə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, aviasiya Azərbaycanda ÜDM-in 1,8%-ni, işçi qüvvəsinin isə 1,5% məşğulluğunu təmin edir: “Bu ciddi rəqəmdir. Amma Sinqapur və BƏƏ kimi ölkələrdə aviasiya ÜDM-in 9% və 15%-ni təşkil edirsə, deməli Azərbaycan öz potensialından səmərəli şəkildə istifadə etmir”.
Azərbaycan hökumətinin aviasiyanın inkişafına göstərdiyi diqqət və qayğının təqdirəlayiq olduğunu deyən T.Tayler qeyd edib ki, ölkədə aviasiya biznesinin dövriyyəsi 395 mln. manat təşkil edir və 66 min iş yerinə malikdir: “Azərbaycanı 1999-cu il Monreal Konvensiyasını ratifikasiya etməyə çağırıram. Azərbaycanın qonşusu olan Rusiya və Qazaxıstanda bu konvensiya 2013-cü iin sonunda qüvvəyə minəcək”.