Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda mobil imzanın tətbiqi ölkədə elektron xidmətlərdən istifadəni əhəmiyyətli şəkildə artıracaq. «APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə hazırda ölkədə internetdən istifadə sürətlə artır. Azərbaycan internet texnologiyalarının inkişafı və internetin əlçatanlığına göpə MDB-də birinci, dünya ölkələri arasında isə 20-ci yeri tutur. Bununla yanaşı, elektron xidmətlərdən istifadə aşağı səviyyədədir.
Nazir bildirib ki, indiyədək ölkədə cəmi 12 min elektron imza alınıb: «Əhalinin sayının 9 mln-dan artıq olduğunu, fiziki və hüquqi şəxslərin sayının sürətlə artdığını nəzərə alanda, elektron xidmətlərdən istifadə aşağı səviyyədədir».
Ə.Abbasovun sözlərinə görə, Azərbaycanda Elektron İmza Sertifikat Xidmətləri Mərkəzinin işə salınması və onun yeni xidmətlər göstərməsi elektron xidmətlərin genişlənməsinə və onların təhlükəsizliyinə inamı artıracaq.