Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin avqust ayında Azərbaycan məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 4,3%, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 4,8%, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 0,7% ucuzlaşıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, avqust ayında mədənçıxarma sənayesi bölməsində daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,4%, metal filizlərinin hasilatı üzrə 0,3%, xam neft və təbii qaz hasilatı üzrə isə istehsalçı qiymətləri 4,8% ucuzlaşıb.
Ötən ay emal sənayesi bölməsində istehsalçı qiymətləri toxuculuq sənayesi üzrə 5,8%, tikinti məmulatlarının istehsalı üzrə 2,7%, kompüter və digər elektron avadanlıqlarının istehsalı üzrə 1,1%, neft məhsullarının istehsalı üzrə 0,8%, qida məhsullarının istehsalı üzrə 0,2%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı və metallurgiya sənayesi üzrə 0,1% ucuzlaşıb, geyim istehsalı üzrə 4,5% rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,5%, maşın və avadanlıqların istehsalı üzrə 0,8%, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,7%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,4%, əczaçılıq məhsullarının istehsalı və mebel istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1% bahalaşıb.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.