Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Komitədən “APA-Economics”ə verilən məlumata görə, memorandum Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev və “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Kamran Aqasi tərəfindən imzalanıb.
Memorandumun əsas məqsədi dövlət və qeyri-dövlət təşkilatlarına standartlaşdırma və sertifikatlaşdırma sahələri üzrə konsaltinq xidmətlərinin göstərilməsi, birgə təlimlərin təşkil edilməsi və bu sahədə proqramın hazırlanması və əlaqələndirilməsidir.
S. Abdullayev qeyd edib ki, müasir tələblərə cavab verən standartların tətbiqi ölkəmizdə innovasiyaların, yeni texnologiyaların və qabaqcıl təcrübənin inkişafda böyük əhəmiyyət kəsb etdiyindən hər iki qurumun potensiallarını birləşdirən müvafiq dövlət və qeyri dövlət təşkilatlarının keyfiyyət infrastrukturu sahəsində xidmətlərin göstərilməsi çox mühüm haldır.
K. Aqasi memorandumun innovasiya və standartlaşdırmanı vahid iş çərçivəsində bir araya gətirən mükəmməl bir imkan olduğunu, həmçinin dövlət qurumları və özəl sektor ilə fəal şəkildə əməkdaşlıq etməyə şərait yaradacağını bildirib.