Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın Saatlı və Sabirabad şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanmış Talış-Saatlı-Sabirabad magistral su xəttinin tikintisi yekunlaşmaq üzrədir və noyabr ayında kəmərin açılışı nəzərdə tutulur.
“APA-Economics”in məlumata görə, bunu “Azərsu” ASC-nin bu ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirəsi zamanı cəmiyyətin sədri Qorxmaz Hüseynov bildirib.
Onun sözlərinə görə, eyni zamanda Saatlı və Sabirabad şəhərlərinin içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri davam etdirilir: “Asiya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Beyləqan şəhərində su təchizatı və kanalizasiya sistemlərinin tikintisi işləri 90% icra olunub. Bu layihə üzrə Göyçay şəhərində də yeni su və kanalizasiya sistemlərinin yaradılması tamamlanmaq üzrədir”.
Qurum sədri deyib ki, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qusar, Xaçmaz, Xızı və Qobustan şəhərləri üzrə layihələrin icrası məqsədi ilə tender işləri başa çatıb. Bununla yanaşı, Naftalan şəhərində şəbəkələrin tikintisi işləri yekunlaşmaq ərəfəsindədir”.
O həmçinin qeyd edib ki, İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində Gədəbəy, Daşkəsən, Samux, Tərtər, Qazax və Astara şəhərlərində yeni layihələrin icrasına hazırlıq görülür”.