Təmiz enerjiyə keçidin geniş miqyasda həyata keçirilməsi üçün regional əməkdaşlıq, etibarlı enerji ötürmə sistemləri və güclü institutlar vacibdir.
APA xəbər verir ki, bunu Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) bölmə direktoru Ziqfrid Leffler İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində keçirilən “Davamlı İnkişaf üçün Regional Enerji Bağlantıları” mövzusunda panel müzakirəsində deyib.
O bildirib ki, Afrika, Mərkəzi Asiya və Yaxın Şərq–Şimali Afrika regionlarında ölkələr günəş, külək və hidroenerji imkanlarını genişləndirir:
“Bu proses enerji sistemlərində çeviklik, balanslaşdırma, etibarlı ötürmə şəbəkələri və regional əməkdaşlığı əvvəlkindən daha vacib edir. Heç bir ölkə bu çağırışları təkbaşına həll edə bilməz”.
Leffler qeyd edib ki, regional enerji inteqrasiyası mühüm iqtisadi faydalar yarada bilər: “Qərbi Afrikada inteqrasiya olunmuş elektrik enerjisi ticarəti ildə təxminən 5-8 milyard ABŞ dolları həcmində qənaət yarada bilər”.
Onun sözlərinə görə, enerji bağlantılarında əsas məsələ yalnız xətlərin tikintisi deyil: “Bizim müxtəlif regionlardakı təcrübəmiz göstərir ki, infrastruktur bağlantı yaradır, institutlar isə inteqrasiyanı formalaşdırır. Əsas çətinlik xəttin çəkilməsi deyil, onun sərhədlər, qurumlar və müxtəlif tənzimləmə sistemləri arasında davamlı işləməsini təmin etməkdir”.
GIZ nümayəndəsi vurğulayıb ki, regional enerji ticarətinin uğurlu olması üçün qaydalar, texniki standartlar və əməkdaşlıq mexanizmləri vacibdir: “Fiziki infrastruktur enerji ticarətini mümkün edir, lakin onun etibarlı və davamlı olması üçün güclü institutlar və qarşılıqlı etimad lazımdır”.
Leffler bildirib ki, ən uğurlu layihələr yalnız infrastruktur layihələri deyil, uzunmüddətli əməkdaşlıq layihələridir: “Ölkələr artıq yalnız ‘nə tikəcəyik?’ sualını vermirlər. Onlar daha çox ‘regional inteqrasiyanı necə işlək hala gətirə bilərik, siyasi razılaşmaları praktik icraya necə çevirə bilərik?’ suallarına cavab axtarırlar”.
O əlavə edib ki, texniki yardım layihələrin hazırlanması, icrası və sonrakı fəaliyyət mərhələlərində mühüm rol oynayır və özəl kapitalın cəlb olunmasına şərait yaradır.