Bakıda "Qafqaz İslam Ordusu-97" mövzusunda tədbir keçirilib

Bakıda "Qafqaz İslam Ordusu-97" mövzusunda tədbir keçirilib
# 14 sentyabr 2015 11:22 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov həmin dövrdə baş verən tarixi proseslərdən, bu tarixin Azərbaycan üçün əhəmiyyətindən danışıb: "Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi ərəfəsində ermənilər Azərbaycan xalqına olmazın zülmlərini edirdilər, kütləvi şəkildə insanları qətlə yetirir, evləri yandırırdılar. Belə bir ağır vəziyyətdə Qafqaz İslam Ordusu köməyimizə gəldi. Ağır döyüşlərdən sonra Bakı erməni-bolşevik əsarətindən qurtuldu. Bakı azad olunmasaydı, Azərbaycan Xalq Cümhuriyyəti mövcud olmayacaqdı, ölkə işğalçılar tərəfindən bölüşdürüləcəkdi. Bu baxımdan 15 sentyabr Azərbaycanın bir dövlət kimi yaşamasında müstəsna rola malikdir. Bakının azad olunması uğrunda gedən ağır döyüşlərdə 1300 türk əsgər şəhid olub”.

Azərbaycan və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov çıxışında 15 sentyabr tarixinin Azərbaycan xalqı üçün ictimai-siyasi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, bu gün türk dünyasına qarşı olan təzyiqlərin XX əsrin əvvəllərində baş verənlərlə eyni mahiyyət daşıdığını bildirib. İ. İsmayılov deyib ki, Bakının azad olunması ilə bağlı hadisələr ayrıca dərslik formasında işlənməlidir.

"Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə qeyd edib ki, ermənilərin əsas məqsədi Qafqazı türk-müsəlman birliyindən təmizləmək idi: "Eyni zamanda iqtisadi maraqları var idi. Bu dövr bizim yaxın tariximizdir və həmin dövrü araşdıranda görürük ki, ermənilər bizə qarşı hansı vəhşilikləri törədiblər. Buna görə biz Osmanlını köməyə çağırmışıq. Ancaq təəssüflər olsun ki, bəzi qələm sahibləri tariximizi saxtalaşdırırlar. Bu günün əhəmiyyətini dərk etmirik. Bu tarix bizim qurtuluşumuzdur".

Tədbir mövzu ətrafında çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR