Gənc Tamaşaçılar Teatrı Kalmıkiyadan qastroldan qayıdıb

Gənc Tamaşaçılar Teatrı Kalmıkiyadan qastroldan qayıdıb
# 02 noyabr 2015 13:36 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasından qastrol səfərindən dönüb. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər Kalmıkiya Respublikasının B.Basanqov adına Milli Dram Teatrına baş tutub.

Qastrol çərçivəsində kollektiv repertuarında olan iki maraqlı tamaşa, eləcə də sərgi və konsert proqramı ilə çıxış edib.

Üç gün ərzində Kalmık Milli Dram Teatrının səhnəsində uşaqlar üçün Pərvinin “Dəcəl keçi”, böyüklər üçün isə Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” tamaşaları nümayiş etdirilib.

Səfər çərçivəsində Kalmıkiya Respublikası N.N.Palmov adına Milli Muzeydə Gənc Tamaşaçılar Teatrının və eyni zamanda nümayiş olunmuş tamaşaların quruluşçu rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Elşən Sərxanoğlunun əsərlərindən ibarət sərgi təşkil olunub.

Qastrol səfərinin növbəti günündə teatrın aktyoru – müğənni İlham Əsədovun xalq və müasir bəstəkar mahnılarından ibarət konserti baş tutub. Konsertdə Kalmıkiya Dövlət Filarmoniyasının direktoru, bəstəkar-müğənni Arkadi Mandjiyev çıxış edərək Azərbaycan Kalmıkiya mədəni əməkdaşılığının iki teatr arasındakı qastrol mübadiləsindən çıxaraq daha geniş şəkildə təqdim olunmasının təqdirəlayiq olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR