Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
# 12 fevral 2016 14:52 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Şuradan APA-ya verilən xəbərə görə, MŞ sədrinin müavini Umud Rəhimoğlunun başçılıq etdiyi komissiyanın üzvləri 3 kütləvi informasiya vasitəsi barədə müraciətləri araşdırıblar.

İlk olaraq «Medaz.az» saytı ilə bağlı iki şikayətə baxılıb. Komissiya həm 48 saylı Notariat kontorunun, həm də Bakı şəhər 223 saylı körpələr evi - uşaq bağçasının narazılığını doğuran yazıların «reket jurnalistika»ya xas tərzdə təqdim olunduğu qənaətinə gəlib: “Belə ki, hər iki mətbu materialda kifayət qədər ciddi ittihamlar yer almasına baxmayaraq, sayt bunların nə dərəcədə həqiqətə uyğunluğunu təsdiqləyə biləcək sənədlərə, dəlil-sübutlara istinad etməyib. Əksinə qüsurlu materialları müvafiq qurumlara ünvanlamaqla onların təhdidlərə məruz qalmasına cəhdlər göstərib”.

İclasda bütün bunlar əsas götürülərək məsələnin MŞ-nin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında da araşdırılması məqsədəmüvafiq sayılıb: “Komissiyanın təqdimatında «Medaz.az» saytının adının Mətbuat Şurasının «qara siyahı»sına salınması üçün hansı əsasların olduğuna aydınlıq gətiriləcək”.

Şikayətlər üzrə Komissiya «Korrupsiya və cəmiyyət+» qəzeti barədə də eyni rəyi çıxarıb: “MŞ-yə daxil olan müraciətdə mətbu nəşr rəhbərliyinin jurnalist fəaliyyətinə kölgə salan işlə - diplom satışı ilə məşğul olduğu göstərilsə də, onlar müzakirəyə qatılmayıb. Buna görə məsələnin araşdırılması Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasına həvalə edilib”.

Gəncə Dəmiryolu Vağzalının «Xeberinfo.com» saytı barədə müraciətinin müzakirəsində bu KİV-ə qarşı tərəfin mövqeyinin təqdimatı tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR