"Dəmir Bank"ın sabiq filial müdiri özünü qismən təqsirli bilib

"Dəmir Bank"ın sabiq filial müdiri özünü qismən təqsirli bilib
# 21 noyabr 2017 11:41 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Dəmir Bank" ASC-nin mənimsəmədə təqsirləndirilən Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən F. Rəşadətli özünü qismən təqsirli bilib. Digər təqsirləndirilən şəxslər də özlərini qismən təqsirli biliblər.

Proses dekabrın 22-də davam etdiriləcək.

Qeyd edək ki, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən F.Rəşadətli ötən prosesdə məhkəmə zalında həbs edilib.

F. Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər. Həmin şəxslər 3 milyon manata yaxın pulu mənimsəməkdə təqsirli bilinirlər. Cinayət işində 8 nəfər zərərçəkmiş var.

Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilib. Hakim bildirib ki, ibtidai istintaq zamanı bir sıra pozuntulara yol verilib. İş yenidən araşdırılaraq, məhkəməyə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR