Afaq Məsud, Fikrət Qoca və Kamran İmanov TÜRKSOY-un medalına layiq görülüblər

Afaq Məsud, Fikrət Qoca və Kamran İmanov TÜRKSOY-un medalına layiq görülüblər
# 21 aprel 2015 13:58 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Tərcümə Mərkəzinin sədri, yazıçı Afaq Məsud, xalq şairi Fikrət Qoca və Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov TÜRKSOY-un medalı ilə təltif ediliblər.

Tərcümə Mərkəzinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunmuş “Müəllif və riyakarlıq, kitab və yalan” mövzusunda keçirilən konfransda TÜRKSOY-un katibi Düsen Kaseinov türkdilli ölkələrin münasibətləri, Azərbaycan və Qarabağ həqiqətləri haqqında çıxış edərək, türkdilli ölkələrarası əlaqələrin möhkəmlənməsi istiqamətində görülən işlərdən danışıb.

Ölkələr arasında ədəbi-mədəni əlaqələrin qurulması istiqamətində xidmətlərinə görə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov və Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Fikrət Qoca TÜRKSOY-un medalı ilə təltif ediliblər.

Tədbir iştirakçılarına “Tərcümə Mərkəzinin kitabları” seriyasından nəşr edilən Oljas Süleymenovun “Az-Ya” kitabı hədiyyə olunub.

Qeyd edək ki, Azərbaycanda “23 aprel – “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” 1995-ci ildən, “26 Aprel – “Beynəlxalq Əqli Mülkiyyət Günü” isə 2001-ci ildən etibarən hər il qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR