Azərbaycan Standartlaşdırma İnstitutu ISO-ya üzv ola bilər

Azərbaycan Standartlaşdırma İnstitutu ISO-ya üzv ola bilər
# 26 sentyabr 2017 13:57 (UTC +04:00)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın Berlin şəhərində Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Baş Assambleyasının 40-cı iclasında iştirak edib.


Komitədən “APA-Economics”ə verilən məlumata görə, səfər çərçivəsində komitə sədri İSO-nun Baş katibi Serjio Muxika ilə görüşüb. Görüşdə Azərbaycanda standartlaşdırma sahəsində aparılan islahatlar, keyfiyyət infrastrukturu sahələrinin beynəlxalq tanınmasına nail olmaq üçün görülmüş tədbirlər haqqında məlumat verilib. ISO-nun baş katibi Azərbaycanda qeyri-neft sektorunun inkişafı, yerli məhsulların ixrac potensialının yüksəldilməsi istiqamətində həyata keçirilən islahatları, bu çərçivədə keyfiyyət infrastrukturu sahələrinə xüsusi diqqəti yüksək qiymətləndirib. “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli fərmanına əsasən təsis edilmiş "Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxsin milli standartlaşdırma qurumu kimi ISO-da üzvlüyünün təmin edilməsi ilə bağlı müraciət razılıqla qarşılanıb, yeni yaradılmış qurumun inkişafına dəstək mexanizmləri müzakirə olunub.

Avropa Standartlaşdırma Təşkilatının (CEN-CENELEC) Baş direktoru Yelena Santyaqo Sidlə keçirilmiş görüşdə standartlaşdırma üzrə milli qurumun təşkilatda “tərəfdaş standartlaşdırma orqanı” statusunda təmsil olunması məsələsi müzakirə edilib.

Almaniya Standartlar İnstitutunun (DİN) baş katibi Kristof Vinterxalterlə keçirilmiş görüşdə standartlaşdırma sahəsində iki ölkə arasında mövcud münasibətlərin daha da inkişaf etdirilməsi qərara alınıb. Danışıqların nəticəsində Almaniya Standartlar İnstitutu ilə Azərbaycan Standartlaşdırma İnstitutu arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Sənədə əsasən qurumlar standartlaşdırma sahəsində texniki əməkdaşlıq, innovasiyaların tətbiqi və ekspertlərin qarşılıqlı mübadiləsi və treninqlərin təşkili kimi sahələrdə intensiv əməkdaşlıq edəcəklər.

Səfər çərçivəsində Türkiyə, Rusiya, Belarus, Qazaxıstan və digər ölkələrin standartlaşdırma üzrə milli orqanlarının rəhbərləri ilə keçirilmiş görüşlərdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib.

Sınaq və Materiallar üzrə Amerika Cəmiyyətinin (ASTM) prezidenti Katrin Morqanla keçirilmiş görüşdə dünyada tanınmış standartların ölkəmizdə tətbiqi, Azərbaycan Standartlaşdırma İnstitutu ilə birgə tədbirlərin təşkili və mütəxəssislərin hazırlığı məsələləri müzakirə edilib.

Assambleya zamanı ISO Şurası və Texniki İdarəedici Bürosuna 2018-2020-ci illər üzrə seçkilər keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR