Aİ Nümayəndəliyinin rəhbəri Dövlət Miqrasiya Xidmətində olub

Aİ Nümayəndəliyinin rəhbəri Dövlət Miqrasiya Xidmətində olub
# 25 may 2018 17:47 (UTC +04:00)

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Müzakirələri üzrə Baş Direktorluğunun Regional Proqramlar bölməsinin rəhbəri Vasilis Maragosla görüşüb.

DMX-dən APA-ya verilən məlumata görə, görüşdə Aİ ilə mövcud əlaqələrdən söhbət açılıb və əməkdaşlığın perspektivləri müzakirə olunub.

V. Hüseynov iqtisadiyyatın, turizmin, ticarətin, investisiyaların şaxələndirilməsi istiqamətində Azərbaycanın həyata keçirdiyi tədbirlər haqqında məlumat verib. O, görülən tədbirlərin Avropa İttifaqı ölkələrinin vətəndaşlarına sürətlə inkişaf edən Azərbaycanı tanımaları, münasibətləri inkişaf etdirmək üçün əlverişli imkanlar verdiyini deyib.

Xidmət rəisi Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirləri qeyd edib. V. Hüseynov 2013-cü il dekabrın 5-də Brüssel şəhərində imzalanmış “Azərbaycan Respublikası, Avropa İttifaqı və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə”nin də əhəmiyyətini vurğulayıb.

Xidmət rəisi DMX-nin də iştirak etdiyi, donoru və ya donorlarından biri Avropa İttifaqı olan və hazırda icrası davam etdirilən layihələrin bir platforma kimi önəminə diqqət çəkib.

K. Yankauskas isə DMX ilə əməkdaşlığa önəm verdiklərini deyib və xidmətin prioritet hesab etdiyi sahələrə dəstək verməyə hazır olduqlarını söyləyib.

Görüşdə miqrasiya sahəsində əməkdaşlığa dair qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR