Bu ilin I yarısında valyuta bazarında əməliyyatların 89%-i ABŞ dollarında aparılıb

Bu ilin I yarısında valyuta bazarında əməliyyatların 89%-i ABŞ dollarında aparılıb
# 11 avqust 2015 15:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin I yarısında valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artıb.

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin 6 ayının yekunlarına həsr olunmuş Pul Siyasəti İcmalında qeyd olunub.

Məlumata əsasən, hesabat dövründə valyuta bazarında əməliyyatların 89%-i ABŞ dollarında, qalan 11%-i isə digər valyutalarda aparılıb. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ABŞ dolları ilə əməliyyatların həcmi 2 dəfə, avro ilə əməliyyatların həcmi isə 2,3 dəfə artıb. I yarımillikdə valyuta bazarı üzrə dövriyyədəki artım əsasən I rübdəki proseslərlə əlaqədardır. Belə ki, ötən ilin eyni dövrünə nəzərən ABŞ dolları ilə aparılan valyuta əməliyyatlarının dövriyyəsinin həcmi I rübdə 2,4 dəfə artıbsa, II rübdə artım 1,6 dəfə olub.

Hesabat dövründə banklar tərəfindən əhaliyə xalis satılan nağd xarici valyuta ABŞ dolları ilə 2 dəfə artıb.

“Nağd xarici valyutaya tələbin artması da əsasən I rübdə baş verib. Belə ki, I yarımillikdə xalis satılan ABŞ dollarının 76%-i, Avronun isə 56%-i I rübdə satılıb. Valyuta bazarında yaranmış vəziyyəti nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti 21 fevral 2015-ci il tarixində ABŞ dollarının manata qarşı məzənnəsinin 1,05 manat səviyyəsində müəyyən edilməsi haqqında qərar verdi. Qərarın əsas məqsədi milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək olub”, - deyə məlumatda vurğulanıb.

Hesabat dövründə Mərkəzi Bank məzənnə siyasətinin əməliyyat çərçivəsinin də təkmilləşdirilməsi haqqında qərar qəbul edib. Belə ki, məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsinə başlanıb. Tətbiqinə I rübdə başlanılmış yeni əməliyyat çərçivəsinin kəmiyyət parametrləri (səbətin strukturu, dəyəri və sair) II rübdə optimallaşdırılıb. Tətbiq edilən yeni əməliyyat mexanizmi çərçivəsində də Mərkəzi Bank valyuta bazarının fəal iştirakçılarından biri olaraq qalıb. Mərkəzi Bankın valyuta bazarındakı əməliyyatları müdaxilə dəhlizi çərçivəsində (satış və alış məzənnələri arasında diapazon) həyata keçirilib. 2015-ci ilin may ayından etibarən Mərkəzi Bankın valyuta bazarında əməliyyatları alışyönlü olub. Nəticədə aprel ayının sonlarından etibarən Mərkəzi Bankın xarici valyuta ehtiyatları 132 mln. ABŞ dollarına (1,6%) yaxın artıb.

Qeyd edək ki, hazırda Mərkəzi Bankın valyuta ehtiyatlarının kifayətlilik göstəriciləri beynəlxalq səviyyədə qəbul olunmuş normaları əhəmiyyətli üstələyir. Belə ki, I yarım illiyin sonuna Mərkəzi Bankın xarici valyuta ehtiyatları 5,4 aylıq mal və xidmət idxalına (beynəlxalq normaya görə minimum 3 ay) kifayət edib və xarici dövlət borcunu 1,2 dəfə üstələyib, manatla geniş pul kütləsinin (M2) isə 81,3%-nə (beynəlxalq normaya görə minimum 10-20%) bərabər olub.

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları Cənubi Qafqaz regionu üzrə mərkəzi bankların valyuta ehtiyatlarının 68%-ni təşkil edir. I yarımillikdə manatın əksər partnyor ölkələrin valyutalarına nəzərən nominal ikitərəfli məzənnəsi ucuzlaşıb. Belə ki, nəzərdən keçirilən 15 ölkə üzrə manat Ukrayna qrivnası və Belarus rublu istisna olmaqla bütün partnyor ölkələrin valyutalarına nəzərən ucuzlaşıb. Manatın nominal ikitərəfli məzənnələrinin dinamikası real ikitərəfli məzənnələrin, bu isə öz növbəsində real effektiv məzənnənin dəyişməsinə təsir edib. Hesabat dövründə real effektiv məzənnə (qeyri-neft ticarət çəkili) 21% ucuzlaşıb. Bu əsasən nominal effektiv məzənnənin 19,4% ucuzlaşması hesabına baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR