Milli Məclisin sədri Oqtay Əsədov AŞPA sədrini qəbul edib

Milli Məclisin sədri Oqtay Əsədov AŞPA sədrini qəbul edib
# 23 sentyabr 2014 14:16 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının sədri xanım Ann Brassöru qəbul edib. MM-dən APA-ya verilən məlumata görə, O. Əsədov deyib ki, müstəqil Azərbaycan Avropanın nüfuzlu beynəlxalq qurumları, o cümlədən Avropa Şurasının Parlament Assambleyası ilə əməkdaşlığa böyük önəm verir: “Bu təşkilat üzv olduğumuz qurumlar arasında yeganə təşkilatdır ki, onun qarşısında müəyyən öhdəliklərimiz var. Biz bu öhdəliklərə daim hörmətlə yanaşmış və onları ardıcıl olaraq həyata keçiririk. Qanunların qəbulunda, onların təkmilləşdirilməsində Avropanın nüfuzlu qurumları ilə sıx əməkdaşlıq edirik. Bu gün Azərbaycanda demokratiyanın daha da dərinləşməsi, vətəndaş cəmiyyəti quruculuğunun dönməz xarakter alması üçün məqsədyönlü işlər görülür. Ölkəmiz hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə inamla addımlayır. Biz gələcəkdə də Avropa Şurasının müvafiq qurumları ilə əməkdaşlığımızı davam etdirmək niyyətindəyik”.

Görüşdə A. Brassör Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlərin əhəmiyyətini vurğulayıb: “Bu cür görüşlər zamanı aparılan danışıqlar bölgədə və ölkənizdəki vəziyyət barədə ətraflı məlumat almaq baxımından çox önəmlidir”.

Qonaq təmsil etdiyi təşkilatın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu söyləyərək bildirib ki, təşkilata üzv ölkələri birləşdirən bir çox ümumi dəyərlər var: “Biz hamı tərəfindən qəbul olunmuş prinsiplər əsasında əməkdaşlığımızı dərinləşdirmək niyyətindəyik”.

Sonra A. Brassör Bakıda keçirdiyi görüşlər zamanı müzakirə olunan məsələlər barədə sədrə məlumat verərək gələcəkdə təmsil etdiyi qurumla münasibətlərin daha da genişlənməsi istiqamətində görüləcək işlərlə maraqlanıb.

Görüşdə Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi Emil Eyyubov, qurumun Bakı ofisinin rəhbəri, xanım Draqana Filipoviç və digər rəsmi şəxslər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR