Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026) çərçivəsində “İqlim dözümlülüyü, innovasiya və enerji keçidlərinin təşviqində davamlı enerji mərkəzlərinin rolu” mövzusunda panel sessiyası keçirilib.
APA xəbər verir ki, panel sessiyasında çıxış edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bildirib ki, 2030-cu ilədək təkcə elektrik şəbəkələrinə illik investisiyaların təxminən 400 milyard ABŞ dollarından 600 milyard ABŞ dollarına qədər artırılması lazım gələcək.
“Ölkələr eyni zamanda enerji təhlükəsizliyini, enerjinin əlçatanlığını və münasib qiymətə olmasını təmin etməlidirlər. Bütün ölkələr üçün keçərli olan vahid yol xəritəsi yoxdur. Regionumuz müxtəlif enerji sistemlərinə, iqtisadi strukturlara və inkişaf ehtiyaclarına malik ölkələri əhatə edir”, – deyə o qeyd edib.
İqlim üzrə yüksək səviyyəli çempion, Milli Məclisin deputatı Nigar Arpadarai bildirib ki, yaşıl və iqlim gündəliyi qlobal gərginlik, münaqişələr və parçalanmalar fonunda birləşdirici amil ola bilər. Onun sözlərinə görə, ümumi problemlərin həlli üçün regional əməkdaşlıq getdikcə daha böyük əhəmiyyət kəsb edəcək.
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Dmitri Şlapaçenko isə Azərbaycanın regional əməkdaşlığın siyasi ambisiyalardan praktiki icraya necə keçə biləcəyini göstərən konkret nümunə olduğunu bildirib.
Onun sözlərinə görə, enerji əlaqələndirilməsi məsələləri nəqliyyat dəhlizlərinin inkişafı ilə sıx bağlıdır.
Panel sessiyası müzakirələrlə davam edib.