Bakıda “Dayanıqlı inkişaf və effektiv humanitar yardım üçün tərəfdaşlıq” mövzusunda panel müzakirəsi keçirilib.
APA xəbər verir ki, müzakirə Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfrans çərçivəsində baş tutub.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Eren paneldə çıxışı zamanı bildirib ki, humanitar yardım, inkişaf əməkdaşlığı və sülh quruculuğu artıq ayrı-ayrı istiqamətlər kimi nəzərdən keçirilə bilməz.
O qeyd edib ki, TİKA bir sıra Afrika ölkələrində Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) ilə birgə layihələr həyata keçirməyi planlaşdırır.
Somalinin Azərbaycandakı səfiri Abdinur Dahir Fidov bildirib ki, tərəfdaşlıqlar yalnız əlavə resursların səfərbər edilməsi vasitəsi deyil, həm də bilik, texnologiya, maliyyə və yerli təcrübənin birləşdirilməsi üçün mühüm platformadır.
O vurğulayıb ki, beynəlxalq əməkdaşlıq böhranlara qısamüddətli cavab verməkdən risklərin azaldılmasına, yardım göstərməkdən yerli potensialın gücləndirilməsinə və uzunmüddətli tərəfdaşlıqların qurulmasına yönəlməlidir.
Koreyanın Azərbaycandakı səfiri Kımqu Kanq isə vurğulayıb ki, qlobal inkişaf maliyyələşməsinin azalması fonunda rəsmi inkişaf yardımının (ODA) daha effektiv və real nəticələrə yönəldilməsi, həmçinin iqlim dəyişikliyi, səhiyyə və ərzaq təhlükəsizliyi kimi qlobal çağırışlara cavab verilməsi əsas prioritetlərdəndir.
Konfrans çərçivəsində Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) ilə Türkiyənin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Anlaşma Memorandumu imzalanıb.