Bir yer var ki, o yerdə doğuluruq, böyüyürük, yaşayırıq. O yerdə yeməyimizi, suyumuzu, havamızı təmin edirik. Amma özümüz öz əməllərimizlə yerimizi pis edirik.
Buzlaqlar əriyir, balıqların qarnından plastiklər çıxır, balinalar ölür, meşələr yanır, yaşıllıqlar məhv olur.
Bir tərəfdə quraqlıqlar, bir tərəfdə daşqınlar planetimizin temperaturunun 1.5 selsini keçmək təhlükəsi ərəfəsində ciddi siqnallar yaradır.
Cadar-cadar olmuş torpaqlar günün birində Keniyadakı kimi böyük çatlara çevrilib, qitələri də bölə bilər, bəşəriyyəti də. Əgər bu dünyada “kəpənək effekti” deyilən bir ifadə varsa, anında çalınmayan bir qanad, tozlanmaya gecikən arılar da bu nəhəng aləmimizi təhlükə altına sala bilər.
Qoruyaq onu!
Bir YER var!
Hamının Yeri.
Dünyada iqlim dəyişikliyinin yaratdığı fəlakətləri buxovlamaq üçün 30 ilə yaxındır abreviatura adı COP olan beynəlxalq tədbir keçirilir. BMT-nin rəhbərliyi ilə hər il bir ölkədə qərar tutan İqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyası 2024-cü ildə Bakıda keçirildi.
Adətən 2 il əvvəldən məlum olan məkan Bakı seçimində nədənsə 11 ay qalmış elan olundu. Dubayda keçirilən COP28-də 29-cu sessiyanın Bakıda keçirilməsi qərara alındı.
10 ay ərzində 200-ə yaxın ölkənin və ictimai birliklərin, 75 min nəfərdən çox insanın iştirak etdiyi tədbirin hazırlanıb ərsəyə gətirilməsi ayrı, qüsursuz, saat mexanizmi kimi keçirilməsi isə başqa bir böyük mövzudur.
Proses kənardan daha aydın görünür. Beynəlxalq tədbiri yüksək səviyyədə təşkil olunmasının yaratdığı qıcıq COP29-a hazırlıq ərəfəsində və tədbirin keçirildiyi günlərdə Azərbaycana təzyiqlər və qara piar kampaniyaları vüsət aldı. Buna baxmayaraq, hər şey nüanslara qədər düşünülmüşdü.
Bakı indiyədək bir çox mötəbər tədbirlərə ev sahibliyi edib. 2012-ci ildə Avroviziya musiqimüsabiqəsini, 2015-ci ildə Avropa Oyunları, 2017-ci ildə İslam oyunları, 2019-2022-ci illərdə keçirilmiş Qoşulmama hərəkatının tədbirləri Bakını qonaq qarşılamaqda aciz olmadığının bariz nümunələridir. Amma COP29 miqyasında, COP29 siyasi çəkisində və açıq deyək, həm də siyasi narahatlığında bir tədbir Azərbaycanın taleyində ilk idi. Bu qədər insanı paralel qarşılamaq, yola salmaq, növbəti nümayəndə heyətini qarşılamaq, yerbəyer etmək, nəqliyyat, qidalanma, iş prosesini təmin etmək böyük əməkdən, qətiyyətdən, sistemli komanda işindən xəbər verir. Bakı 12 gün dünyanın maraq mərkəzində oldu. Öndə gedən xəbər kanallarının buraxılışlarında tez-tez Braziliyada keçirilən G-20 sammiti və Azərbaycanda keçirilən COP29 tədbiri yayımlanırdı. Bizim xəritədəki yerimizi Xəzər dənizi ilə tapan əcnəbilər ölkəmizi görcək təəccübünü gizlədə bilmirdilər. Hər şey müfəssəl sistemlə həyata keçirildi.
Bəs “Cop” nədir? “Conference of Parties” – tərcüməsi Tərəflərin konfransı deməkdir.
Bu Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1992-ci ildə Braziliyanın Rio-de- Janeyro şəhərində iqlim sisteminə müdaxiləyə qarşı hazırlanmış bir sazişdir. Tərəflər Konfransının Konvensiyasına 198 üzv ölkə var. İlk dəfə COP tədbiri Almaniyanın paytaxtı Berlin şəhərində keçirilib.
29-cu COP tədbirini keçirmək üçün Azərbaycanla yanaşı Bolqarıstan və Ermənistan da öz namizədliklərini irəli sürmüşdü. Hökumətlərarası danışıqlardan sonra birgə bəyanatda qeyd olundu ki, Ermənistan COP29-a ev sədrliyini Azərbaycanın xeyrinə geri götürür, ardınca Bolqarıstan da eyni qərara gəlib.
Neft-qaz ölkəsi olsa da, Azərbaycanın yaşıl enerji məsələsində müəyyənləşdirdiyi hədəflər, gördüyü işlər, həmçinin bərpaolunan enerji ilə bağlı yüksək potensiala malik olması istixana qazlarının 2050-ci ilə qədər 40 faiz azaldılmasına heç bir şübhə yeri qoymur.
Bu tədbirin Azərbaycanda keçirilməsi alternativ enerjiyə, daha dəqiq ifadə etsək yaşıl enerjiyə keçidin qəti olmasının isbatıdır. Bakının Qaradağ rayonunda inşa olunan Günəş Elektrik Stansiyası, Xızı-Abşeron Külək Elektrik Stansiyası bərpaolunan enerji mərhələsinə keçiddə çox əhəmiyyətli layihələrdir. Bunlarla yanaşı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev işğaldan azad olunmuş əraziləri “yaşıl enerji zonası” elan edib. Həmin ərazilərin 2050-ci ilə qədər “netto sıfır emissiya zonasına çevrilməsi” hədəf seçilib. Bütün bu müsbət hallar və həllər ölkəmizə olan etimadın nəticəsi kimi COP29-un Azərbaycanda keçirilməsini labüd edib.
Azərbaycanın Yaşıl enerjiyə keçidlə bağlı öhdəliklərinə, ümumiyyətlə COP29-un Azərbaycanda uğurla keçirilməsinə skeptik yanaşmalar beynəlxalq mediada açıq-aşkar qara piar şəkilində yayılmaqda idi. Rəsmi Bakının portfoliosunu gözü götürməyənlərdən sanki dünyaya bir çağırış vardı ki, Bakıya getməyin. Amma dünya Bakıya axışırdı.
COP tarixində ən yaxşı tədbirlərdən hesab olunan Bakı təşkilatçılığı mediada hər gün müxtəlif ölkələrin ekspertləri tərəfindən, elə tədbirin öz iştirakçıları tərəfindən təsdiqlənirdi. Burada hər kəsə, fiziki məhdudiyyətli şəxslərə, işçi heyətə, qonaqlara, media mənsublarına ən yüksək şərait yaradılmışdı. Dinlərin və dillərin, mədəniyyətlərin vəhdətində keçən COP29 tədbiri həm də bir festival xarakter daşıdı. Ölkələrin pavilyonunda sərgilənən işlər də buna bariz nümunə oldu. Burada hamı gülümsəyir, burada hamı salamlayır, burada hamı enerji saçırdı.
Bakıda keçirilən COP29 tədbirinin yekunu olaraq inkişaf etmiş ölkələr digər ölkələrə 2035-ci ilə qədər 300 milyard dollar ayırmaq barədə razılığa gəldilər. Beləliklə 2015-ci ildə atmosferdəki karbon dioksidin azaldılmasına dair Paris sazişinin 6-ci bəndi Azərbaycanda öz təsdiqini tapdı.
Bakı daha çox vəsaitin ayrılması ilə COP-un tarixinə düşdü. Paris razılaşmasının 6-cı bəndi ilə bütün ölkələr razılaşdı və 10 ildən artıq davam edən danışıqlar Bakıda yekunlaşdı.