BVF-nin iqtisadi artım proqnozu hökumətin gözləntilərini niyə üstələyir? - Təhlil

BVF-nin iqtisadi artım proqnozu hökumətin gözləntilərini niyə üstələyir? - Təhlil
# 11 oktyabr 2023 13:05 (UTC +04:00)

Oktyabrın 10-da Beynəlxalq Valyuta Fondu (BVF) növbəti dəfə “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatını açıqlayıb. Hesabatda qlobal iqtisadi inkişaf göstəriciləri, ölkələrin bu il və qarşıdakı bir neçə il üzrə inkişaf prespektivləri, əsas makroiqtisadi artım proqnozları açıqlanıb. BVF həmçinin, bu il və növbəti illərdə Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib. Fond bu ilin aprel ayında açıqladığı proqnoza nisbətən, Azərbaycanda ümumdaxili məhsulunun artım proqnozunu 0,5% bəndi azaldaraq 2,5 %-ə endirib. BVF hesab edir ki, Azərbaycanda 2024-cü və 2028-ci illərdə də eyni həcmdə iqtisadi artım olacaq.

Beynəlxalq Valyuta Fondu bu il üzrə iqtisadi artım proqnozunu azaltsa da, bu, Azərbaycan hökumətinin 2023-cü il üzrə iqtisadi artım gözləntilərini üstələyib. Belə ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2023-cü ildə ümumdaxili məhsulun (ÜDM) artımını 1,9%, 2024-cü ildə 2,4%, 2025-ci ildə 2,9% səviyyəsində proqnozlaşdırıb.

Bəs, BVF-nin iqtisadi artım proqnozunun hökumətin gözləntilərini üstələməsinin səbəbləri nələrdir?

Millət vəkili, iqtisadçı Vüqar Bayramov “APA-Economics”ə bildirib ki, Beynəlxalq Valyuta Fondu Azərbaycanın iqtisadi artım proqnozunu müəyyən edərkən metodologiyada əsas faktor olaraq neftin dünya bazarında qiymətini nəzərə alır. Çünki 2022-ci ildə neftin qiymətinin kəskin artımı Azərbaycanda ÜDM-in artım tempinə birbaşa təsir göstərdi. BVF bu ilin aprel ayında Azərbaycanla bağlı proqnoz verərkən neftin 2022-ci il üzrə qiymətlərini nəzərə alıb. Həmin dövrdə neftin qiyməti hətta uzun müddət 100 dollardan yüksək olub. 2023-cü ildə neftin dünya bazarında qiyməti yüksək olsa da, 2022-ci illə müqayisədə aşağıdır. Neft sektorunun gəlirləri də 2022-ci ilə nisbətən azdır. Ona görə də BVF iqtisadi artım proqnozuna yenidən baxarkən dəyişiklik edib.

Azərbaycan İqtisadiyyat Nazirliyinin bu il üzrə iqtisadi artım proqnozuna gəlincə, Vüqar Bayramov hesab edir ki, proqnozlar arasında böyük fərq nəzərə çarpmır. Azərbaycan hökumətinin son illər proqnozlaşdırmalarda daha konservativ yanaşmaya üstünlük verməsi neftin dünya bazarında qiymətlərinin proqnozlaşdırılmasının çətinliyi ilə bağlıdır. Hökumət iqtisadi artımla yanaşı, büdcə ilə bağlı proqnozlarda da konservativ yanaşma tətbiq edir.

Vüqar Bayramov əlavə edib ki, həm beynəlxalq maliyyə təşkilatlarının, həm də hökumətin proqnozlarında qeyri-neft sektoru üzrə ÜDM-in artım tempinin daha yüksək olacağı proqnozlaşdırılıb. Bu isə ondan xəbər verir ki, BVF-nin proqnozlarında dəyişiklərin olmasına baxmayaraq, qeyri-neft sektorunda inkişafla bağlı yanaşma dəyişməz olaraq qalır.

Qeyd edək ki, əksər beynəlxalq maliyyə təşkilatları, beynəlxalq bank və reytinq agentlikləri Azərbaycanın bu il üzrə iqtisadi artım proqnozlarını açıqlayıb. Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının 2023-cü il üzrə Azərbaycanda iqtisati artım gözləntiləri 1,5%, "Fitch Ratings” beynəlxalq reytinq agentliyinin proqnozu 1,8%, Asiya İnkişaf Bankının proqnozu isə 2,2% təşkil edib.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR