Dünyanın qızıl həyəcanı: Azərbaycan niyə qızıl almır? - TƏHLİL

Dünyanın qızıl həyəcanı: Azərbaycan niyə qızıl almır? - <span style="color: red;">TƏHLİL
# 06 noyabr 2015 11:10 (UTC +04:00)

Qızıl universal yığım alətidir. Bu artıq minilliklərlə sınamış aksiomadır. Və maraqlıdır ki, bu nüans həm adi insanlara aiddir, həm ölkələrə. Dünya iqtisadiyyatının tarixində qızılın həmişə özünə məxsus rolu olub. Hətta qızıla tələbat adətən dünyada iqtisadi qeyri-müəyyənlik və gələcəyə inamsızlıq zamanı artır. Hazırda dünyada böhran şəraiti davam edir və bu həm iqtisadiyyata, həm siyasi vəziyyətə aiddir. Lakin böhran əlamətləri daha çox inkişafda olan ölkələrdə müşahidə olunur, inkişaf etmiş ölkələrin maliyyə bazarlarında, əksinə, sağlamlaşma prosesi güclənir, səhmlər bazarlarında normal dinamika davam edir, investisiyalar artır və bu səbəbdən son zamanlar qızıla maraq azalır. Lakin bu prosesi bütün ölkələrə şamil etmək olmaz. Məsələn, son həftələr dünyanın ən müzakirə olunan ölkəsi statusundakı Rusiya və onun siyasəti burada da gözlənilməz fərqlənib. Şübhəsiz ki, bu səbəbsiz deyil.

MÜƏMMALI SƏBƏBLƏR

Ümumdünya Qızıl Şurasının son hesabatına görə, bu ilin avqust ayında Rusiya 29,6 ton qızıl alıb ki, bu da bütün ölkələr arasında ən yüksək göstəricidir. Ümumilikdə, iyul-avqust ayları ərzində Rusiya 42,7 ton qızıl alıb. Bu göstərici üzrə ikinci yerdə Çindir - 35,1 ton. Lakin bu heç kimi təəccübləndirmir, çünki son illər ərzində qızıl ehtiyatların toplanması bu ölkənin iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Hesabata əsasən, digər ölkələr tərəfindən qızıla maraq adi səviyyədə olub. Bundan əlavə bu ilin ilk yarısında da Rusiya ən çox qızıl alan ölkədir - 67,3 ton. Digər ölkələr sırasında Qazaxıstanı seçmək olar ki, bu ölkə yarım il ərzində 13,9 ton qızıl alıb. Ötən ilin yalnız ikinci yarısında Rusiya tərəfindən 113,5 ton qızıl alınıb ki, bu da heç də təəccüblü sayıla bilməz.

Rusiyanın qızıla marağının artması analitiklərin nəzərindən qaçır, onlar bu fakta heç bir şərh vermirlər, bunun özü də müəmmadır. Çünki bütün mütəxəssislərin fikrincə, hazırda ABŞ-da, Avropanın aparıcı ölkələrində və Asiyanın iri ölkələrinin fond bazarlarında (son iki ay istisna olmaqla) vəziyyət son dərəcədə əlverişlidir. ABŞ-da xüsusən, indekslər rekordları ard-arda yenilənir. Belə olan halda investorların əksəriyyəti, o cümlədən, həm strateji, həm spekulyativ investorlar əməliyyatlarını məhz fond bazarında aparırlar. Hətta bunu böhranın “ABŞ” və “Avropa” mərhələlərində toplanan qızıl ehtiyatlarını satmaqdan əldə edilən vəsaitlərin hesabına edirlər. Bu amil 2013-cü ildə başlanan və bu günə kimi davam edən qızılın kəskin ucuzlaşmasının əsas səbəbidir. Belə ki, aparıcı ölkələrin fond bazarlarında vəziyyətin sağlamlaşmasından sonra investisiyalar qızıldan çıxarılıb və səhm və digər qiymətli kağızlara yönəldilib. Nəticədə, qızıl bazarında təklif kəskin yüksəlib və sabit tələbat şəraitində qiymət qaçılmaz olaraq aşağı düşüb.

Maraqlıdır ki, həmin dövr ərzində Rusiyadan başqa qızılın alışına heç bir ölkə yüksək maraq göstərməyib. Səbəb həqiqətən də müəmmalıdır. İlk baxışdan belə addımlar adətən maliyyə bazarlarında kəskin böhran gözləntiləri ilə izah olunur. Məsələn, əgər maliyyə alətlərinin, o cümlədən dolların ucuzlaşmasını gözləyənlərin ehtiyatlarını qızıla çevirməsi təbii haldır, lakin hazırda dünya iqtisadiyyatında belə gözləntilər üçün ciddi əsaslar yoxdur. Əksinə, üçüncü fazaya daxil olan iqtisadi böhran inkişafda olan ölkələri əhatə edir. Bu ölkələrdə baş verən böhran nəticəsində investisiyalar hazırda daha stabil və etibarlı görünən ABŞ və Avropa maliyyə bazarlarına axacaq. Bu baxımından yaxın zamanlarda qızılın bahalaşması real görünmür.

QİYMƏT PROQNOZLARI

Dünyanın aparıcı iri maliyyə qurumlarının və qızıl bazarı analitiklərinin qiymətlər üzrə proqnozları demək olar ki, oxşardır. Belə ki, bu ilin sonuna kimi qızılın bir unsiyasının qiyməti təxminən 1 150 dollar səviyyəsində gözlənilir ki, bu da hazırda müşahidə olunan qiymətə yaxındır. Yəni bu il qiymət artımı gözlənilmir, əksinə qızılın 1 050 dollara qədər ucuzlaşması istisna deyil. Qızılın qiymətinə təsir edə biləcək əsas amillərdən biri ABŞ-ın Federal Ehtiyat Sisteminin addımlarıdır. Sirr deyil ki, hazırda qızılın qiymətinə daha çox təklif-tələbat amilləri deyil, ABŞ və Avropanın pul-kredit siyasəti təsir edir. Buraya həmçinin geosiyasi gərginlik və aparıcı valyutaların dəyişkənliyini əlavə etmək olar.

Lakin ilk növbədə söhbət FES-in faiz siyasətindən gedir. Əgər faiz dərəcələri yüksəlsə, bu, qızılı bir qədər də ucuzlaşdıra bilər, çünki dolların möhkəmlənməsinə ilk növbədə bu addım səbəb olacaq. Yeganə yüksəldici amil kimi qızıla fiziki tələbatın artması ola bilər, lakin bunu da yaxın perspektivdə gözləmək düzgün deyil. Belə ki, son illər ərzində qızılın ən böyük alıcısı olan Çində hazırda iqtisadi problemlər yaşanır ki, həmin dövrdə bu ölkədən ciddi fəallıq gözləmək çətindir. Əksinə yuanın dəstəklənməsi üçün Çin ABŞ-ın dövlət istiqrazlarını satır ki, bu şəraitdə qızıl ehtiyatların artırılması ən azı, ikinci plana keçir. Nəticədə, qızılın bahalaşması üçün əsaslar həqiqətən görünmür. Əksinə dünya iqtisadiyyatında baş verənlərlə qızılın qiymətinin son illərdəki dinamikası arasında tam qanunauyğunluq olduğu aydın görünür:

2011-2012-ci illərdə ABŞ-da iqtisadi sağlamlaşma tendensiyaları güclənməyə başlayıb. Avropada baş verən borc böhranı dollara yalnız yüksəldici təsir edib ki, nəticədə qızıla maraq nisbətən artsa da, bu, qızılın qiymətlərinin artımına təsirsiz ötüşüb. Sonrakı dövrlərdə böhran tədricən (bəzi hallarda hətta sürətlə) Qərbdən çəkilməyə başlayıb və burada maliyyə alətləri yenidən populyarlaşıb. Bu da qızıla bir fayda verməyib. Bütün bu amillər baxımından yuxarıda göstərilən qrafik tam izah olunandır. Həmçinin həmin amillər indi də mövcuddur və qızılın əleyhinədir. Eyni zamanda bəzi mikroamillər qızılın lehinədir. Məsələn, qızılın ucuzlaşması yeni yataq və mədənlərin inkişaf etdirilməsinə mane olur, məqsədəuyğunluğu azaldır ki, nəticədə bazarda təklifin təbii artması baş vermir. Lakin buna da böyük ümid yoxdur, çünki bir tərəfdən tələbatın artması üçün əsaslar yoxdur, digər tərəfdən böhranın üçüncü dalğası ilə üzləşən və üzləşəcək inkişafda olan ölkələr qızıl ehtiyatlarını satmağa məcbur olacaq. Nəhayət, qızılın lehinə işləyə biləcək başqa bir amil də yoxdur - bu, inflyasiyadır. İlk növbədə ABŞ-da. Çünki bu, dolların məzənnəsinə təsir edir. ABŞ-da isə inflyasiya heç 2 faizə çatmır.

Yalnız bir amil qızılın qiymətini yüksəldə bilər. Amma bu heç kəsi, o cümlədən qızıl ehtiyatlarını saxlayanları sevindirməyəcək. Bu amil dünyada müşahidə olunan siyasi gərginliyin iri ölkələr arasında açıq münaqişələrə çevrilməsidir. Hələlik Yaxın Şərqdə baş verən proseslər nisbətən nəzarət altındadır, lakin bu tarazlıq çox zəifdir, istənilən anda virtul qarşıdurma açıq münaqişəyə çevrilə bilər. Bu halda isə bütün iqtisadi nailiyyətlər artıq keçmişdə qalacaq, bütün müharibə dövrlərdə olduğu kimi yeganə real dəyəri olan qızıl olacaq. Mümkündürmü ki, Rusiya məhz buna hazırlaşır?

QIZIL HƏMİŞƏ DƏYƏRDƏDİR

Hər halda, bütün makroiqtisadi amillərə baxaraq və ya baxmayaraq, qızıla maraq və tələbat həmişə olub və olacaq. Sadəcə indiki iqtisadi durumda bu maraq nisbətən azala bilər. Bütün maliyyə alətləri ilə yanaşı, qızıl bütün ölkələrin əsas ehtiyat növüdür. Ümumdünya Qızıl Şurasının hesabatına görə, hazırda dünya ölkələrinin (+ Beynəlxalq Valyuta Fondu və Avropa Mərkəzi Bankı) qızıl ehtiyatlarının fiziki həcmi 32 421 tona bərabərdir. Qeyd edək ki, hesabatda 100 ölkənin məlumatları əksini tapıb, bu səbəbdən ehtiyatlar üzrə məlumat Beynəlxalq Valyuta Fondunun rəqəmindən (32 659 ton) bir qədər fərqlənir.

Ən iri qızıl ehtiyatlarına ABŞ malikdir, bu ölkədə qızıl ehtiyatlarının həcmi 8 133,5 tona bərabərdir. Eyni zamanda bu, ABŞ-ın ümumi ehtiyatlarının 73 faizi deməkdir. Yəni ABŞ-ın sahib olduğu ehtiyatların 3/4 hissəsi qızıl, qalan hissəsi maliyyə alətləridir. ABŞ-dan başqa ilk onluğuna Almaniya (3 381 ton), BVF (2 814 ton), İtaliya (2 451,8 ton), Fransa (2 435,4 ton), Çin (1 693,6 ton), Rusiya (1 317,7 ton), İsveçrə (1 040 ton), Yaponiya (765,2 ton) və Hollandiya (612,5 ton) daxildir.

Qeyd edək ki, Rusiyanın qızıl ehtiyatları ümumi ehtiyatlarının cəmi 13,1 faizini təşkil edir. Çində isə bu göstərici cəmi 1,6 faizə bərabərdir ki, bunun fonunda Çin tərəfindən qızılın fəal alıcısı olması təbii görünür. 11-ci yerdə gedən və dünya miqyasında Çinlə bərabər ən fəal alıcısı hesab olunan Hindistan da oxşar vəziyyətdədir. Burada qızıl ehtiyatları (557,7 ton) ümumi ehtiyatlarının 5,7 faizini təşkil edir.

Azərbaycan bu siyahıda 55-ci yerdədir. Ümumdünya Qızıl Şurasının hesabatına görə, Azərbaycanın qızıl ehtiyatları 30,2 tondur. Bu göstərici Azərbaycan Dövlət Neft Fondunun hesabatına tam uyğundur. Fondun hesablamalarına görə, alınan qızılın həcmi 30,175 tona bərabərdir. Qeyd edək ki, Azərbaycan sonuncu dəfə qızılı 2014-cü ilin oktyabrında alıb, qızılın alınmasına isə 2012-ci ildə başlanılıb. Yuxarıda göstərilən qrafikə nəzər yetirəndə məlum olur ki, Azərbaycanın qızıl alması ən əlverişsiz vaxta düşüb, yəni qiymət son illər ərzində ən baha olan dövrdə həyata keçirilib. İndi isə, qızılın ucuz olan dövrdə alınmalar həyata keçirilmir. Bunun da təbii izahı var, çünki neftin ucuzlaşması nəticəsində ölkədə hətta fiskal problemlər yaşanır ki, ehtiyatlar, o cümlədən Mərkəzi Bankın ehtiyatları manatın dəstəklənməsi üçün, Fondun ehtiyatları isə büdcə xərclərin ödənilməsi üçün sərf edilir. Bu səbəbdən qızıl ehtiyatlarının artırılması məsələsi ən azı gündəmdə deyil. Hər halda neft baha olan dövrdə 30 tona yaxın qızıl alınıb və bu ümumi ehtiyatlarının təxminən 11 faizini təşkil edir. Və əlverişsiz neft bazarı konyukturunu və nəticədə ölkəyə neft gəlirlərinin azalmasını nəzərə alsaq əminliklə demək olar ki, Azərbaycan yaxın zamanlarda qızıl almağı bərpa etməyəcək.

Vahab Rzayev

APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR