“Qafqazda mədəni-dini irsin qorunması” mövzusunda konfrans keçirilib

“Qafqazda mədəni-dini irsin qorunması” mövzusunda konfrans keçirilib
# 04 dekabr 2015 08:49 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. AMEA-nın İnsan Hüquqları İnstitutu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Qafqazda mədəni-dini irsin qorunması” mövzusunda konfrans keçirilib.

APA-nın xəbərinə görə, AMEA İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva bildirib ki, İŞİD terror təşkilatı tərəfindən Yaxın Şərqdə mədəni və dini abidələr dağıdılır: “Eyni zamanda, qeyd etməliyəm ki, bu gün Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazilərində də mədəni, dini, tarixi abidələrimiz məhv edilir”.

A. Mustafayeva ermənilərin bu əməllərini dünya ictimaiyyətinin diqqətinə çatdırmağın vacibliyini vurğulayıb. O əlavə edib ki, son günlər Nardaranda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər insanların hüquqlarını qorumağa yönəlib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardakı təxminən 900-ə yaxın mədəni abidələr ermənilər tərəfindən məhv edilib: “İşğal edilmiş ərazilərimizdə mədəni irsimizin dağıdılması ilə bağlı BMT Baş Məclisində 2 qətnamə qəbul olunub”.

Sonra “Azərbaycanın işğal altındakı ərazilərdə erməni vandalizmi” adlı qısametrajlı film nümayiş etdirilib. “Azərbaycanın işğal olunmuş ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri, tədqiqatçı-ekspert Faiq İsmayılov işğal olunmuş ərazilərdə istər xristian, istərsə də islam dininə aid abidələrin ermənilər tərəfindən məhv edildiyini qeyd edib.

“Azərbaycan Alban-Udin” xristian icmasının sədri Robert Mobili udinlər və Azərbaycanın multikultural mühitində alban kilsəsinin müasir vəziyyəti barədə məruzə ilə çıxış edib.

Konfransda tarix elmləri doktoru Anar İsgəndərov, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Qafqazda mədəni-dini abidələrə qarşı törədilən vəhşilik haqda məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR