Gürcüstanda Azərbaycanın görkəmli incəsənət adamlarına fəxri adlar verilib - FOTOSESSİYA

Gürcüstanda Azərbaycanın görkəmli incəsənət adamlarına fəxri adlar verilib - <span style="color: red;">FOTOSESSİYA
# 16 iyul 2015 16:30 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflis Dövlət İncəsənət Akademiyasında (TDİA) Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov və Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru Səlhab Məmmədova TDİA-nın Fəxri Doktoru adı verilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri açan Tiflis Dövlət İncəsənət Akademiyasının rektoru Giya Quqaşvili ilk dəfə keçirilən belə tədbirin iki ölkənin dostluğuna böyük töhfələr bəxş etdiyini bildirib.

"Bu görüş bizim tariximizdə yeni bir səhifədir. Biz Azərbaycanla Gürcüstanı çoxəsrlik bir dostluq birləşdirdiyini deyiriksə, bu reallıqdır. Çox xoşdur ki, bu dostluq davam edir. Yeni nəsil bu dostluğu özünə nümunə götürür. Biz inkişaf edən qloballaşma şəraitində yaşayırıq. Məhz buna görə də bu ənənələrimizi gələcək nəsillərə ötürməliyik. Mən bu günlərdə Bakıda keçirilən mədəniyyət forumunda iştirak etmişəm. Artıq Bakı prosesi müasir mədəni-elmi dünyada məşhurdur. Bu gün keçirilən tədbir isə çox vacibdir. Gürcüstan sizi sevir və sizin sənətinizə hörmət edir", - deyə o vurğulayıb.

Tədbirdə Gürcüstan Milli İncəsənət Muzeyinin direktoru David Lordkipanidze, Gürcüstanın sabiq mədəniyyət naziri Valeri Asatiani və Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək Azərbaycan-Gürcüstan dostluq əlaqələrindən danışıblar, qarşılıqlı münasibətlərin inkişafı ilə bağlı fikirlərini bildiriblər.

Sonra G. Quqaşvili Ç. Fərzəliyev, Ö. Eldarov və S. Məmmədova Tiflis Dövlət İncəsənət Akademiyasının Fəxri Doktoru diplomunu təqdim edib.

S. Məmmədəliyeva Azərbaycan rəssamlarına göstərilən diqqət üçün təşəkkürünü bildirib.

Tədbirdə rəssam Keti Matabeli XII əsrin görkəmli şairi Şota Rustavelinin İsraildə nəşr olunan kitabını S. Məmmədəliyevaya hədiyyə edib.

Sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Gürcüstan və Azərbaycan rəssamlarının XIX-XX əsrlərin 40-60-cı illərində çəkdikləri rəsm əsərlərinin sərgisinə baxıblar. Tədbirdə Gürcüstan mədəniyyət naziri Mixeil Qiorqadze, Azərbaycan səfirliyinin nümayəndələri, incəsənət xadimləri və jurnalistlər iştirak ediblər.

S. Məmmədəliyeva jurnalistlərə açıqlamasında Tiflis İncəsənət Akademiyası rəhbərliyinin Azərbaycan incəsənət adamları ilə görüşünü yüksək qiymətləndirib: "Biz Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə belə bir tədbirdə iştirak edirik. Bu gün Azərbaycan incəsənət xadimlərinə Fəxri Doktor adı verilib. Bu, iki dövlət arasında olan dostluğun nəticəsidir. Burada həmçinin vaxtilə Tiflis Dövlət İncəsənət Akademiyasını bitirən və indi məşhur rəssamlar olan Azərbaycan və gürcü rəssamlarının sərgisində ştirak etdik. Bu, dostluq ənənələrinin davamıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR