Donald Tusk: “Şərq Tərəfdaşlığı” Rusiyaya qarşı yönəldilməyib

Donald Tusk: “Şərq Tərəfdaşlığı” Rusiyaya qarşı yönəldilməyib
# 22 may 2015 01:42 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Rusiyaya qonşuları üçün daha cəlbedici olmağı məsləhət görüb. “Mən “Şərq Tərəfdaşlığı”nın Rusiyaya qarşı yönəldiyini bəyan edənlərə cavab vermək istərdim. Bu belə deyil. “Şərq Tərəfdaşlığı” Rusiya və Aİ arasında gözəllik müsabiqəsi deyil. Lakin, səmimi deyim ki, gözəllik faktorunu da nəzərə almaq lazımdır. Əgər Rusiya daha yumşaq, cazibədar, cəlbedici olsaydı, o öz çatışmazlıqlarını qonşuları barəsində bu cür destruktiv və təcavüzkar addımlarla əvəzləməzdi”.

APA-nın məlumatına görə, bu barədə Riqada “Şərq Tərəfdaşlığı”nın sammitində iştirak edən D.Tusk bildirib.

Bununla belə, Avropa İttifaqı Şurasının prezidenti bildirib ki, Aİ-nin genişləndirilməsinə dair qərarın tezliklə qəbul edilməsinə çox da böyük ümid bəsləmək gərək deyil.

“Biz hamımız səbirsizliklə dəyişikliklərin olmasını gözləyirik, lakin mən əminəm ki, biz hələ də strateji təmkinliyimizi möhkəmlətməliyik. Riqa sammiti böyük irəliləyişlərin elan etdirilməsinə həsr olunmayacaq. Bizim tərəfdaşlığımız, Aİ-nin özünün qurulduğu kimi, addım-addım irəliləyəcək və biz səylərimizi, əsasən, islahatlara yönəldəcəyik”, deyə Tusk qeyd edib.

Qeyd edək ki, Latviyanın paytaxtı Riqa şәhәrindә Avropa İttifaqı "Şәrq tәrәfdaşlığı" sammiti öz işinə başlayıb.

Azәrbaycanı tәdbirdә xarici işlәr naziri Elmar Mәmmәdyarov vә Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov tәmsil edir. Sammitdә Aİ Xarici әlaqәlәr üzrә ali nümayәndә Federika Mogerini, Aİ Genişlәndirmә vә Qonşuluq Siyasәti üzrә komissar Yohannes Han, Avropa komissiyasının prezidenti Jan Klod Yunker, Avropa Şurasının prezidenti Donald Tusk, Avropa Parlamentinin prezidenti Martin Şultz vә digәr Avropa İttifaqı vә Avropa Şurasının ali rəsmi şәxslәri iştirak edir.

Bu gün də davam edәcәk sammitin sonunda yekun bәyanatın imzalanması gözlәnilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR