Bakı Slavyan Universitetinin rektoru üçüncü kurs tələbələri ilə görüşüb

Bakı Slavyan Universitetinin rektoru üçüncü kurs tələbələri ilə görüşüb
# 20 dekabr 2017 14:18 (UTC +04:00)

Dekabrın 20-də Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva və universitetin prorektorları üçüncü kursda təhsil alan tələbələrlə görüşüblər.

Rektor Nurlana Əliyeva bildirib ki, artıq neçə gündür, universitet rəhbərliyi gənclərlə görüşlər keçirir. O, bu görüşlərdə yeni cəmiyyət quruculuğu, güclü dövlət modeli, yüksək təhsil sistemi və s. kimi vacib məsələlərin təhlil edildiyini, gənclərlə səmimi dialoq aparıldığını bildirib.

Nurlana Əliyeva bildirib ki, bəşəriyyətin yeni inkişaf mərhələsinə daxil olması gənclərdən dərin bilik, yüksək hazırlıq tələb edir. O, yeni texnologiyalardan baş açan, savadlı, zəkalı gənclərə dünyanın hər yerində ehtiyac olduğunu bildirib.

Təcrübəli nəsillə gənc nəslin dialoqunun zəruriliyini vurğulayan rektor qeyd edib ki, müəyyən qrup gənclər dünya həqiqətlərini, həyat reallıqlarını dərk etmirlər. Onlar çox tez-tez kənar təsir altına düşür, vətəndaşlıq borcunu, milli duyğularını itirirlər. Azərbaycan dövlətinin gənclər siyasətinin insan kapitalı yaradılmasına hesablandığını deyən rektor müxtəlif sahələrdə əldə edilən çoxsaylı uğurları bu istiqamətdə aparılan işin nəticəsi kimi dəyərləndirib. O deyib ki, gənclərimizin dünyada baş verən mütərəqqi prosesləri dərk edib, ona uyğun fəaliyyət göstərməsi strateji əhəmiyyət daşıyır.

Rektor xatırladıb ki, bizim gənclik həm də öz patriotizm duyğuları ilə fərqlənir. Buna ötən il Aprel döyüşlərində Azərbaycan əsgərlərinin və zabitlərinin göstərdiyi qəhrəmanlığı və igidliyi nümunə gətirib. O bildirib ki, aprel döyüşləri Azərbaycan gəncliyinin vətənpərvərlik nümunəsi idi.

Çıxışının davamında professor Nurlana Əliyeva gənclərə bir sıra tövsiyələr verib. BSU-da təhsil alan gənclərin tez bir zamanda müstəqil həyata qədəm qoyacaqlarını, ailə başçısı olacaqlarını nəzər alaraq onların elm və biliyə yiyələnmələrini, milli-mənəvi dəyərlərimizi özlərində ehtiva etmələrini məsləhət görüb.

Sonda rektor qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər kəsi təbrik edib, qış imtahan sessiyasında bütün tələbələrə uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR