Siyavuş Kərimi: “İstərdim ki, Azərbaycan mediası keyfiyyətli musiqinin təbliği ilə məşğul olsun” - MÜSAHİBƏ

Siyavuş Kərimi: “İstərdim ki, Azərbaycan mediası keyfiyyətli musiqinin təbliği ilə məşğul olsun” - <span style="color: red;">MÜSAHİBƏ
# 25 aprel 2013 08:47 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva – APA. Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, bəstəkar Siyavuş Kəriminin APA-ya müsahibəsi

- Siyavuş müəllim, Azərbaycanda uzun illərdir ki, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyası fəaliyyət göstərdiyi halda, Azərbaycan Milli Konservatoriyasının (AMK) yaradılması hansı zərurətdən doğdu?

- 2000-ci ildə prezident Heydər Əliyev Milli Konservatoriyanın yaradılması haqqında xüsusi fərman verdi. 2001-ci ildə mən buraya rektor təyin olundum. Həmin il AMK-nın tərkibinə Bakı Musiqi Kolleci və Respublika İncəsənət Gimnaziyası daxil edildi. Növbəti ildə isə biz fəaliyyətə başladıq. O zamandan bəri inzibati binamız olmadığı üçün müxtəlif məkanlarda fəaliyyət göstərmişik. Konservatoriya Azərbaycan milli musiqisinin təbliği, araşdırılması, təbliği, tədrisi, ümumiyyətlə, milli musiqinin inkişafı məqsədilə yaradılan bir ali məktəbdir. Əvvəllər bu qurum Bakı Musiqi Akademiyasının tərkibində xalq çalğı alətləri üzrə kafedra şəklində fəaliyyət göstərib. Heydər Əliyev milli musiqimizi daha da inkişaf etdirmək, dünyaya inteqrasiyasını təmin etmək üçün AMK-nın yaradılması haqqında sənəd imzaladı. Bakı Musiqi Akademiyasından fərqli olaraq, bu ali təhsil müəssisəsi sırf milli musiqi mədəniyyətinə xidmət edir. Yəni AMK sırf milli musiqinin daha geniş tədrisi və təbliği zərurətindən yaranıb. Bakı Musiqi Akademiyasında milli alətlərlə yanaşı, Avropa mənşəli alətlər də tədris və təbliğ olunur. Amma bizdə milli musiqi alətləri, xanəndəlik ixtisası, ümumiyyətlə, milli musiqiyə aid olan bütün sahələr yer alıb. Bu o demək deyil ki, biz ancaq milli musiqi ilə məşğuluq. Biz dünyada cərəyan edən musiqi janrlarını informasiya şəklində tədris edirik.

- Konservatoriyanın tikilməkdə olan inzibati binası nə vaxt istifadəyə veriləcək?

- Binanın tikintisi tamamlanmağa doğru gedir. Düşünürəm ki, sentyabr ayına qədər bina artıq hazır olacaq. Bir müddət sonra dövlət imtahanları, qabiliyyət imtahanları başlayacaq, ona görə də başımız qarışıq olacaq.

- AMK-nın yaradılmasından ötən illər ərzində milli musiqimizdə olan inkişaf nə dərəcədə nəzərə çarpır?

- Biz özümüz də şahidik ki, həm AMK-nın yaranması, həm də ölkə rəhbərliyinin milli musiqiyə yönələn diqqət və qayğısı nəticəsində Azərbaycan milli musiqisi nə qədər inkişaf edib. Ölkəmizdə və xaricdə keçirilən müxtəlif muğam festivallarında Azərbaycanı təmsil edənlərin 99%-i AMK-nın tələbələri və ya müəllim kontingentidir.

- AMK hər il nə qədər tələbə qəbul edir?

- Hazırda bizim inzibatı binamız olmadığı üçün qəbul planımız hər il 50-60 nəfər olur. Bundan artıq tələbə qəbul edə bilmirik, çünki buna şərait yoxdur. Bina istifadəyə verildikdən sonra təbii olaraq tələbə qəbulu kəmiyyəti artacaq.

- Tələbələrin səviyyəsindən razısınız?

- Tələbələr müxtəlif cür olur. Onların içində həm əlaçılar, həm də tənbəllər var. Buna baxmayaraq, tələbələrimizin əksəriyyəti istedadlıdır.

- Yeni binaya köçdükdən sonra tələbələri hansı dəyişikliklər gözləyir?

- Konservatoriyada tələbələrin həm filarmonik fəaliyyəti, həm tədris fəaliyyəti çox geniş vüsət almalıdır. Düşürürəm ki, bundan sonra AMK nəinki tələbələr, həm də musiqisevərlər üçün maraqlı bir məkana çevriləcək.

- Son illər milli musiqimiz müxtəlif layihələr və festivallarda təbliğ olunur. Müasir dövrdə Azərbaycan musiqisinin əsas problemlərini nədə görürsünüz?

- Musiqi daima inkişafda olan bir sahədir. İllər boyu yeni-yeni musiqi istiqamətləri yaranıb və bundan sonra da yaranacaq. Mən çox istərdim ki, bizim televiziya və mətbuat orqanları keyfiyyətli ifaçı və musiqilərin təbliği ilə məşğul olsunlar.

- Bəstəkar kimi yaradıcılığınızda nə yenilikləriniz var?

- Mən neçə ildir ki, AMK-nın rəhbəri vəzifəsini daşıyıram. Buna görə də işim sırf musiqi tədrisi ilə bağlıdır. Zaman qıtlığına görə əvvəlki kimi olmasa da, yaradıcılıqla məşğul oluram. Hazırda bədii filmə və teatr tamaşalarına mahnı yazıram. Bundan başqa, beynəlxalq layihəmə hazırlaşıram. Layihə təxminən noyabr ayına qədər hazır olacaq. O zaman ətraflı məlumat verəcəyəm.

- Son zamanlar Azərbaycanda bədii film və serial çəkilişləri geniş vüsət almağa başlayıb. Sizə bəstəkar və ya aktyor təklifləri olurmu?

- Əlbəttə, müraciət edənlər olur, sadəcə, vaxtım olmadığına görə bütün təklifləri qəbul edə bilmirəm. Məsələn, 11-12 iş təklif olunursa, mən onlardan yalnız birini seçə bilirəm. Hələlik heç bir serialın təklifini qəbul etməmişəm. Düzünü desəm, aktyor kimi təklif gəlmir. Düşünürəm ki, mən aktyor olaraq fəaliyyətimi tamamlamışam.

- Siz 1970-ci illərdən Azərbaycanda estrada-ifaçılıq sənətinin inkişafında yaxından iştirak etmisiniz. Müasir estrada musiqisi, caz-rok, estrada janrının fərqli üslublarında ifa edən “Aşıqlar” ansamblının bədii rəhbəri olmusunuz...

- Mənim adım rok tarixinə 1970-ci illərdən yazılıb. O zaman İngiltərədə buraxılan bir ensiklopediyada öz adımı Vaqif Mustafazadə, Rafiq Babayev kimi sənətkarların arasında görəndə çox sevinmişdim. Bu, mənim üçün böyük şərəf idi. O vaxtlar Azərbaycanda caz və rok musiqisi geniş vüsət almışdı. Ümumiyyətlə, rok janrı bütün dünyada ən böyük izdihama səbəb olan musiqi janrı idi.

- Bildiyiniz kimi, hazırda ölkəmizdə caz inkişaf etsə də, rok janrı onun qədər inkişaf edə bilmir. Sizin AMK-da rok janrına şərait yaratmaq fikriniz varmı?

- Konservatoriyada heç nəyə yox demək olmur. Amma indi bu haqda danışmaq bizim üçün tezdir. Rok və caz musiqisi gəlmə musiqi mədəniyyətidir. Buna baxmayaraq, Azərbaycanda milli caz musiqisi yaranıb inkişaf edə bildi. Artıq özünü təsdiqləmiş Azərbaycana məxsus caz mədəniyyəti yaranıb. Yəqin ki, Azərbaycanda rok janrının inkişaf edə bilməməsinin səbəbi bu sahənin ifaçılarının yüksək səviyyədə olmamasından irəli gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR