Paşha Bank
Bank Of Baku

Sevda Tahirli: Babam Mirzə Ələkbər Sabir haqqında doğru sandığımız, amma yanlış olan bəzi məsələlər var - MÜSAHİBƏ

Mirzə Ələkbər Sabirin nəvəsi, Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidenti, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevda Tahirli

© APA | Mirzə Ələkbər Sabirin nəvəsi, Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidenti, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevda Tahirli

# 21 oktyabr 2026 10:30 (UTC +04:00)

Mirzə Ələkbər Sabirin nəvəsi, Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidenti, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevda Tahirlinin APA-ya müsahibəsi

Gənclər məktəbin son siniflərində ali məktəbə qəbul olmaq hədəfi ilə yaşayır

– Bir neçə gündür sizinlə söhbət üçün vaxt təyin edə bilmirdik. Yəqin, bu, gərgin iş qrafiki ilə bağlıdır.

– Bəli, bu aralar işlərim çox olur.

– Neçənci ildən Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasında işləyirsiniz?

– 1989-cu ildən... 37 ildir...

– Yorulmusunuz?

– Dərs prosesi məni yormur.

– Bəs tələbələrdə həvəssizlik, yorğunluq hiss edirsiniz?

– Müəyyən qədər hiss olunur, xüsusilə ilk kurslarda təhsil alanlarda. Gənclər məktəbin son siniflərində ali məktəbə qəbul olmaq hədəfi ilə yaşayır. Gərgin hazırlıq prosesi və taleyüklü qəbul imtahanından sonra isə sanki bir boşluq içinə düşürlər. Bəzən yeni hədəf müəyyənləşdirə, arzu etdikləri yeri qazana, vaxtı düzgün bölüşdürə bilmədiklərinə görə gündəlik fəaliyyətlərini istədikləri kimi qurmaqda çətinlik çəkmək onlarda mənəvi boşluq, tükənmişlik yaradır. Universitetə daxil olmaq gözəl nəticədir, amma bu hədəfdən sonra artıq yeni hədəflər müəyyənləşdirmək lazımdır. Hədəf olanda, hara gedəcəyini, necə gedəcəyini müəyyənləşdirirsən. Hədəf varsa, insanın qarşısında maneə olsa belə, insan onu aşır və ya onu aşmağın yollarını müəyyənləşdirir. Çünki insan özünü tam kəşf edə bilmədiyi müddətcə nəyə qadir olduğunu bilməz. Buna görə “İmkanlarının hüdudunu bilmək istəyirsənsə, mümkün olmayanı et” fikrini tam dəstəkləyirəm. Hədəf insanın təkanverici qüvvəsidir. İkinci Dünya müharibəsində əsir düşən və az sayda salamat qayıdanlardan necə sağ qaldıqları barədə soruşanda həyatda qalmaq səbəbləri sırasında yarım qalan işlərini tamamlamaq, narahat qaldığı əzizini axtarıb tapmaq kimi düşüncələri dilə gətiriblər.

– Pedaqoji fəaliyyətlə yanaşı, Mirzə Ələkbər Sabir Fonduna rəhbərlik edirsiniz: tədbir, görüşlər və s... Bütün bunları çatdırmaq üçün böyük motivasiya lazımdır...

– Bu mənim həyat tərzimdir, formatımdır. Belə olmasa, bəlkə də, sönərəm. Məni yaşadan iş həyatımdır, dərs deməyimdir, fəaliyyətimdir, həyata keçirdiyim layihələrdir, vaxtdan vaxt oğurlamaqdır. Bunlardır mənə ilham verən.

– Bəlkə, bu mütəhərriklik babanız Sabirdən irsən keçib?

– Əgər kənardan elə görünürsə, buna bir söz deyə bilmərəm. Hər hansı bir tablonun yaranmasında toxunuşların, detalların müəyyən bir rolu olur. İndi ola bilər, sizin dediyiniz amilin də mənim həyatımda, addımlarımda müəyyən rolu olsun. Amma düşünürəm ki, burada bir az da insanın öz maraqları yer alır. Çünki bəzən ailədə 2-3 övlad olur, hamısı eyni genetikadan gəlir, amma hamısı eyni addımı atmır, eyni düşünmür, davranmır, eyni nəticəyə varmır, eyni uğuru qazanmır. Qənaətimə görə, bu məqama insanın həm özünün, həm də olduğu mühitin təsiri daha böyükdür. Bəlkə, belə olmağıma işlədiyim mühit təsir edib. Bəlkə də, buraxılan səhvlərin, həyatdan çıxartdığım dərslərin, narahat olduğum məqamların, özümü borclu sandığım məsələlərin təsiri var.

– Düz 15 ildir ki, Mirzə Ələkbər Sabir Fondu fəaliyyət göstərir...

– Bəli, Sabirin 150 illiyi ərəfəsində yaradılan fondumuz artıq 15 ilə yaxındır fəaliyyət göstərir. Bu il şairin vəfatının 115 illiyidir. Biz də bu münasibətlə bir töhfə vermək istədik. Bu məqsədlə qələmlə fırçanın, sözlə boyanın estetik dialoqunu əks etdirən “Sabirin sözü, zamanın gözü” layihəsi üzərində çalışırıq. Onu da qeyd edim ki, bu, bir kitabdır. Kitaba Sabirin əsərlərinə “Molla Nəsrəddin” jurnalından başlayaraq çağdaş dövrümüzə qədər çəkilən karikaturaları, illüstrasiyaları toplamışıq. Məlumdur ki, müxtəlif dövrlərdə yaşamış rəssamlar Sabirin əsərlərinə fərqli baxış ortaya qoyublar. Biz də kitabda həmin fərqli baxışı oxuculara təqdim etmək istəyirik. Bəzən elə bir mövzu olur ki, hər dövrdə rəssamlar ona toxunurlar, amma fərqli yanaşmalarla. Qeyd edim ki, bu layihəmiz QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçir.

– Qeyd etdiniz ki, Sabirin əsərlərinə keçmişdə və indiki dövrdə rəssamların yanaşması olub. Eyni əsərə o vaxtın rəssamları ilə indiki rəssamların münasibətində fərq var idi?

– Təbii ki, hər rəssamın öz yaradıcılıq tərzi, üslubu var. Hər bir rəssamın düşündürmə yolu başqadır. Çünki rəssamlar eyni məqamın içində fərqli detalları görən, bəzən eyni detalları fərqli görən, təqdim edən insanlardır. Məsələn, Əzim Əzimzadənin yolu, təqdimatı ilə Elçin Məmmədovun təqdimatı tamam fərqlidir. Biz hər zaman Sabirin əsərlərinə kişi rəssamların müraciət etdiyini görmüşük, amma bu layihəmizdə Sabirin yaradıcılığına xitab edən bir xanım rəssamımız da iştirak edir.

Sabir satira yazmaqla bərabər, uşaqları da unutmayıb

– Sabirin əsərlərinə çəkilən rəsmlərin sərgisi olacaq?

– Layihənin sonunda, bütün rəsmlərin olmasa da, bir hissəsinin sərgisini keçirtməyi planlaşdırırıq.

– Niyə bir hissəsinin?

– Rəsmlər gözlədiyimizdən çoxdur. Kitaba əlli şeir daxil etmişik, amma elə şeir var ki, ona üç, dörd, hətta beş rəssamın işi həsr olunub. Ona görə də say gözlədiyimizdən daha çox oldu. Amma çalışacağıq ki, bütün rəssamların əsərləri orada öz əksini tapsın.

– Kitaba hansı şeirləri daxil etmisiniz?

– "Hophopnamə"yə daxil olan və rəssamların müraciət etdikləri əsərləri. Həmçinin uşaq şeirlərini də daxil etmişik. Sabir məktəbdə işlədiyi zaman ana dili dərsliyi olmayıb, ona görə özü digər materiallarla bərabər, uşaqlara məktəbdə öyrətmək üçün müxtəlif uşaq şeirləri yazırdı. Bəzi şeirlərə özündən musiqilər də əlavə edərək uşaqlara nəğmələr öyrədirdi. Hətta o nəğmələrdən birini – məktəblə bağlı bir nəğməni atam bizə zümzümə etmişdi. Şamaxıda tədbir olanda Sabir şagirdlərini oraya aparır və uşaqlar tədbirdə çıxış edirdilər. Uşaq şeirlərinin hamısını daxil edə bilməsək də, ən məşhurları kitabda olacaq. Ən azından Sabir yaradıcılığı ilə yeni tanış olanlarda bir təəssürat yaranacaq ki, Sabir satira yazmaqla bərabər, uşaqları da unutmayıb.

– Babanızın həm də dini təhsili olub.

– Bəli, elə ilk təhsilini mollaxanada alıb. Sonrakı dövrlərdə də dini təlimlərlə yanaşı, fars və ərəb dillərinə, rus dilinə yiyələnib. Elə buna görə də Tiflisdə ana dili və şəriətdən dərs demək üçün uğurla imtahan verib, attestat almışdı.

– Bununla bərabər, xurafata ironiya edirdi...

– Bəli, Sabir dini deyil, dinin arxasında gizlənib haqsızlıq edənləri, dini öz şəxsi məqsədləri və çirkin əməlləri üçün istifadə edənləri tənqid edirdi. O, insanların saf inancına ləkə yaxan riyakarları, cəhaləti yayan saxtakarları və mövhumatı ifşa edirdi. Sabirin davası dinlə deyil, müqəddəs dəyərləri alver vasitəsinə çevirənlər, nadanlığı və xurafatı xalqın başına bəla edənlərlə idi. O, məhz bunu diqqətə çatdırmaq istəyirdi. Sabirin hətta bəzi uşaq şeirlərində Allaha inam da , islami dəyərlərə çağırış da var. Bundan əlavə, o, uşaqlara ana dili ilə yanaşı, şəriət dərsi də keçirdi. Onun tam olaraq din əleyhinə mübarizə aparması mövzusu Sovet dövründə ortaya atıldı, Sabirin fəhlə-kəndli təəssübü çəkən, onun hüquq və maraqlarını müdafiə edən bir təbliğatçısı kimi təqdim etmək üçün şairin həyatı ilə bağlı bəzi məqamlar təhrifə uğradı. O dövrdə Sabiri dini baxışlara sahib birisi kimi təqdim etmək Sovet ideologiyası ilə uyğunluq tapa bilməzdi. Məhz bu və digər səbəblərə görə bu gün Sabir haqqında doğru sandığımız, amma yanlış olan bəzi məsələlər var.

Sabir varlı olmayıb, amma o, kasıb da deyildi


– Başqa nələri yanlış bilirik Mirzə Ələkbər Sabir haqqında?

– Məsələn, deyirləri ki, Sabir hədsiz acınacaqlı vəziyyətdə olduğundan, çarəsizlikdən sabun bişirmək məcburiyyətində qalıb. Yəni sabun bişirmək bu qədər asan və rahat işdir?! Əslində, bu, indiki dəyərlərdən baxmış olsaq, özü bir istehsaldır, biznesdir. Və o, istehsal etdiyi məhsulunu özünə aid olan dükanında satışa çıxarırdı.

– Öz dükanı olub demək?

– Bəli. Atam sağlığında Sabirin ev-muzeyinin, həqiqətən, onun evinin formalarını xatırladacaq bir quruluşda olmasını çox istəyirdi. 1966-cı ildə evlərinin maketini hazırlatmışdı. Maketdə nəyin harada, necə, hansı ölçülərdə olduğu hamısı dəqiqliklə göstərilmişdi. Mən orada bir şeyə fikir verdim: mətbəx 15kv.m idi. O vaxt kasıb adamın 15 kvadratmetrlik mətbəxi necə ola bilərdi? Hər halda ola bilməzdi. Atam deyirdi ki, Sabirə necə ac-kasıb demək olar ki, bizim evdə güclü işıqlandırma imkanı olub. Bu o vaxt üçün kasıb insanların evində olmayan bir şey idi. Atam onu da danışırdı ki, Sabir sabun bişirmək üçün şəhərin qəssabları ilə razılaşıbmış və onlar da müəyyən günlərdə Sabirin evinə çəlləkdə quyruq, piy göndərirmişlər. O deyirdi: “Evimizdə yeməyə heç nə tapılmayanda ən azı büzdüm bozbaşımız olurdu. Hətta həyətimizdəki xoruz o qədər quyruq yemişdi ki, qapımızın ağzından kimsə ötüb keçə bilmirdi, qaçıb onlara hücum edirdi”.

– Ömrünün sonlarında ona yardıma edənlər olub.

– Sabir varlı olmayıb, amma o, kasıb da deyildi. Sabir həyatı boyunca dəfələrlə uzun və qısamüddətli səfərlərə çıxıb. Əgər kasıb adam olubsa, səfərlərə necə gedirdi?! O ki qaldı ona ömrünün sonunda olan yardıma, bu, doğrudur. Səhhətində aylarla yaranan problemlər, dözülməz ağrılar səbəbindən çalışmaq imkanını itirən şairin Şamaxıda, Bakıda, Tiflisdə müraciət etdiyi həkimlər və müalicə üçün xərcləri, həm də ailəsini dolandırmaq üçün lazımı vəsaiti əldə edə bilməməsi ona ciddi sıxıntılar yaşadıb.

Sabir Bakıya gəlib-getdiyi vaxtlar biz indi yaşadığımız binada kirayədə qalıb


– Sonralar sabun satdığı dükanı niyə bağlayıb?

– Sabirin satirik əsərləri, xüsusilə də din adamlarının, xürafatçıların və nadanlığın üzərinə yönəlmiş tənqidləri həmin dairələrdə ciddi narazılığın yaranmasına səbəb olmuşdu. Buna görə də onlar şairi cəzalandırmaq, onu maddi sıxıntıya salıb sındırmaq üçün yerli əhali arasında gizli, bəzən də açıq təbliğat aparırdılar. Onlar Şamaxı əhlinə Sabirin dükanından sabun almamağı, onunla hər hansı ticarət əlaqəsi qurmağı qadağan etmişdilər. Beləliklə, insanlar da təsir altına düşərək ondan uzaq gəzmiş, nəticədə ticarət zəifləmiş, sonra tamamilə dayanıbmış. Məhz bu təzyiqlər və dözülməz maddi çətinliklər Sabiri həmin dükanı satmağa məcbur etmişdi. Amma dükanını satan Sabir o pulu ailəsinə, özünə deyil, yenə də millətin yolunda xərcləyir. O kasıb deyilən şair pulunu Şamaxıda uşaqlar üçün yeni məktəbin açılmasına sərf edir.



– Babanızla bağlı atanızdan hansı xatirələri eşitmisiniz?

– Sabir ailəsinin sonbeşiyi olan atam öz atasını cəmi dörd yaşına qədər görüb. Onun xatirələri bacısının ona danışdıqları idi. Çünki atam bacısının himayəsində olub. Bacısı ailəli olsa da, övladı olmadığı üçün kiçik qardaşını həm qardaşı, həm də övladı kimi böyüdüb. Səriyyəsoltan Sabir üçün çox əziz olub. "Anaşım”, “sirdaşım" deyirmiş ona. Şeirlərinin də elə ilk dinləyicisi qızı olub. Səriyyəsoltan atasından gördüyü diqqəti, qayğını, sevgini bütün dərinliyi və istiliyilə qardaşına ötürməyə çalışıb. Sabir barədə onu görən adamlardan nəsə eşitmək imkanımız çox az olub. Ona görə ailəmiz üçün də Sabiri babadan çox, dahi insan kimi hiss etmişik. Atamın öz atasına olan sevgisi, onun ruhuna sadiqliyi fədakarlıq edəcək qədər çox böyük idi. O vaxt şəhərin mərkəzində altıotaqlı bir mənzildə yaşayırdıq. Xatırlayıram ki, atam Zərgərpalan küçəsində yerləşən evimizi Sabirin Bakıda muzeyinin yaradılması üçün dövlətə təhvil vermək istəyirdi. Atam deyirdi ki, mənə harada olsa üçotaqlı ev də bəs edər, yetər ki, bu evi muzey kimi istifadəyə verə bilim. Atam köhnə adamlardan öyrənmişdi ki, Sabir Bakıya gəlib-getdiyi vaxtlar bizim binada kirayədə yaşayıb. Bu məlumatdan sonra o deyirdi ki, kim bilir, bəlkə elə bizim mənzildə qalıb? Amma bunu biz nə o zaman bildik, nə də indi bilə bilirik. Hərdən heyfislənirəm ki, bəlkə də, vaxtında – atam və nəslin yaşlıları sağ olanda Sabir haqqında daha çox şey soruşub öyrənə bilərdik. Amma təəssüf ki, soruşmamışıq. Bəlkə də nələri itirəcəyimizin ehtimalını düşünə biləcək qədər yetişməmişdik.

– Təəssüf ki, Sabirin satiraları bu gün də aktualdı. Niyə görəsən?

– Elə məsələlər var ki, bu gün o qədər də aktuallığını saxlamayıb, amma elə məqamlar da var ki, bu gün daha çox aktualdır. Hərdən deyirlər Sabir sanki yüz il sonranı görüb yazıb. Amma, məncə, o, yüz il sonranı görməyib, elə öz dövründə olan vəziyyəti görüb və yazıb. Sadəcə yüz ildə dəyişənlər az olub. Düşüncə və davranış modeli isə bəzi məsələlərdə eyni qalıb.

– Konkret desək, hansı məsələlərdir onlar?

– Məsələn, “Xandostu, amandı, qoyma gəldi!”dən tutmuş “Oxutmuram, əl çəkin!”, “Pula təvəccöh”dan tutmuş “Bəxtəvər olsun başın...” kimi məsələlərə qədər.

– Uzun illərdir müəllim kimi fəaliyyət göstərirsiniz. Bu gün “Oxutmuram, əl çəkin!” düşüncəsi cəmiyyətdə hələ də mövcuddur?

– O vaxt “Oxutmuram, əl çəkin” başqa kontekstdə idi, indi isə tamamilə başqa kontekstdədir. Hazırda təhsildə böyük uğurlar qazanan gənclərimiz var. Onlar təhsillərini magistratura və doktorantura pilləsində davam etdirmək üçün xaricə gedirlər. Özləri etiraf edirlər ki, universitetdə qazandıqları nəzəri biliklərlə kimsədən geri qalmırlar. Ali məktəb müəllimi olaraq, əlbəttə ki, təhsildə uğur qazanan tələblərimizlə xüsusilə fəxr edirik, onlar bizim gələcəyimizin, millətimizin işıqlarıdır. Amma təəssüf doğuran budur ki, onların bir hissəsi geri qayıtmır. Bu da başqa bir ağrılı məqamdır. Bəzən diploma “bir parça kağız” deyənlər də var və bu, heç xoş deyil. “Diplom” bir parça kağız deyil, aid olduğu kəsə verilmiş bir hüquqdur. Təhsilə “bir parça kağız” kimi yanaşmaq düşüncələrdə onun həqiqi dəyərini aşağı salır, itirir. Halbuki təhsil insanın öz sahənin peşəkarına, söz sahibinə çevrilməsi prosesidir.

– Müsahibələrinizin birində milli-mənəvi dəyərlərin getdikcə arxa plana keçdiyini bildirmisiniz. Sizcə, bu prosesdə günah daha çox kimdədir?

– Milli-mənəvi dəyərlərin bu gün layiq olduğu səviyyədə olmamasının məsuliyyəti istisnasız olaraq hamımızın çiyinlərindədir. Çünki bu gün yaşananlar dünənin nəticəsidir. Bəlkə də, bu gün vəziyyət bir qədər ümidvericidir. Çünki on beş-iyirmi il əvvəl insanlardan milli-mənəvi dəyərlərin nə olduğunu soruşsaydıq, cavab verməkdə çətinlik çəkərdilər. Bu gün isə ən azından kimlərsə cavab verməyə çalışır, o dəyərlərin düzgün təbliğatı yönündə addımlar atmağa cəhd edir. İnsan bir şeyin dəyərini tam mənada başa düşmək üçün onu tanımalı, bilməli, qəbul etməli və sevməlidir. Sevdikdə artıq onu özününküləşdirirsən. Bu amillərdən hansısa biri olmayanda digərləri də zəifləyir. Bizdə bu amillərin bəziləri olub, bəziləri ya zəif olub, ya da olmayıb. Zəifləmənin və laxlamanın kökündə də məhz bu dayanır. “Bu dil bizimdir”, “bu mətbəx bizimdir”, “bu abidə bizimdir”, “bu xalça bizimdir” deyib arxayınlaşdığımıza görə onun uğrunda mübarizəyə yetərincə can atmamışıq. Halbuki telefonumuz və ya başqa bir əşyamız itsə, “məndən getdi, onu itirdim” deyə ciddi narahatlıq yaşaya bilirik. İtən əşya isə sadəcə həyatımızda epizodik çətinlik yarada bilir, amma itirilən milli dəyərlər ruhumuzun talan olunmasıdır.

Foto - Rüfət Mustafayev ©️ APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR