"TuranBank" ASC və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında "Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı" çərçivəsində MKOS subyektlərinin maliyyələşdirilməsi potensialının artırılması istiqamətində saziş imzalanıb.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, əldə edilmiş razılığa uyğun olaraq nüfuzlu Biznes və Maliyyə Məsləhət şirkəti tərəfindən bankımıza MKOS maliyyələşdirilməsi üzrə texniki yardım və dəstək xidmətləri göstəriləcək. AYİB tərəfindən göstəriləcək texniki yardım və xidmətlər isə "TuranBank" ASC-nin kreditləşdirmə potensialının gücləndirilməsi, təşkilati strukturunun təkmilləşdirilməsi, menecment informasiya sistemlərinin tətbiqi və MKOS subyektlərinin maliyyələşdirilməsi üzrə marketinq strategiyasının hazırlanması istiqamətlərini əhatə edəcək.
Qarşılıqlı razılığa əsasən, texniki yardım proqramının həyata keçirilməsi üçün işçi qrupu yaradılmış və müvafiq iş planı təsdiq edilib.
Qeyd edək ki, texniki yardım proqramının icrasına 2020-ci ilin yanvar ayından başlanılacaq və proqramın icrası bir il müddətində davam edəcək.