Bu il sentyabr ayının 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 74 004 milyon ABŞ dolları (125 807 milyon manat) təşkil edib.
Bu barədə ""APA-Economics" Fondun rəsmi məlumatına istinadən xəbər verir.
ARDNF bildirir ki, Fondun aktivləri 2026-cı ilin əvvəlinə 73 542 milyon ABŞ dolları (125 021 milyon manat), 2026-cı il sentyabr ayının 30-na isə, 74 004 milyon ABŞ dolları (125 807 milyon manat) təşkil etmişdir. Beləliklə, ilin əvvəli ilə müqayisədə 30 sentyabr tarisinə neftin aktivləri 0,62% artıb.
Qeyd olunur ki, 2026-cı ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin ümumi gəlirləri 12 341,3 milyon manat təşkil etmişdir. Sözügedən dövrdə Fondun neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 740,6 milyon manat təşkil etmişdir. Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 3 600,7 milyon manat təşkil etmişdir. Büdcə xərcləri hesabat dövrü üzrə 9 681,2 milyon manat təşkil etmişdir.
ARDNF-nin neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 740,6 milyon manat olub, o cümlədən:
- mənfəət neftinin və qazın satışından 7 343,9 milyon manat,
- bonus ödənişləri və tranzit gəlirləri 0,9 milyon manat
- akrhesabı ödənişləri 4,9 milyon manat
- “Cənub Qaz Dəhlizi” QSC-nin“ dövlətə məxsus payın satışından daxilolmaları 1 390,9 milyon manat.
Məlumata görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ARDNF-nin büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 9 milyard 628 milyon manat transfert edilib.
Hesabat dövründə icrası davam edən layihələrə isə ümumilikdə 27,7 milyon manat vəsait yönəldilib. Bunun 3,6 milyon manatı “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, 21,9 milyon manatı “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsinə, 2,2 milyon manatı isə beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsinə sərf olunub.
Qeyd olunan dövrdə ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 25,5 milyon manat təşkil edib.
Bundan əlavə, hesabat dövründə qızılın qiymətinin və valyuta məzənnələrinin dəyişməsi nəticəsində Fondun büdcədənkənar xərcləri 1 milyard 874 milyon manat olub.
“2026-cı ilin üçüncü rübü ərzində davam edən geosiyasi gərginliklər, inflyasiya təzyiqləri və monetar siyasət ilə bağlı gözləntilər bütün əsas aktiv siniflərinə təsir göstərməkdə davam etdiyindən qlobal maliyyə bazarlarında volatillik yüksək olaraq qalmışdır. Rüb ərzində müşahidə olunan volatilliyə baxmayaraq, qlobal səhm bazarlarında müsbət gəlirlilik qeydə alınmış, dövlət istiqrazları bazarları isə gəlirlilik dərəcələrinin yüksəlməsi fonunda təzyiq altında olmuşdur. Enerji qiymətlərinin artımının təsiri ilə əmtəə bazarlarında əhəmiyyətli yüksəliş müşahidə edilmiş, qızılın qiyməti isə yüksək volatillik nümayiş etdirərək rübün sonuna doğru zəifləyib”, - Fond qeyd edir.