Bank Of Baku

AMB-nin rəsmi valyuta ehtiyatları artmağa başlayıb

AMB-nin rəsmi valyuta ehtiyatları artmağa başlayıb
# 03 iyun 2009 08:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankın (AMB) rəsmi valyuta ehtiyatların həcmi 2009-cu ilin iyunun 1-nə 5,026 mlrd. ABŞ dolları təşkil edib. AMB-dən “APA-Economics”ə verilən məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 702,6 mln. dollar və ya 16,3% çoxdur.

Eyni zamanda cari ilin əvvəlindən Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 1,111 mlrd. dollar və ya 18,1% azalıb. Ümumilikdə, dünya maliyyə böhranı nəticəsində cari ilin əvvəlindən rəsmi valyuta ehtiyatların azalması müşahidə olunub və yanvar-aprel ayları ərzində bu proses tədricən davam edib. Lakin may ayında həmin tendensiya dəyişib və beləliklə mayda AMB-nin rəsmi valyuta ehtiyatlatın həcmi 119,4 mln. dollar və ya 2,4% artıb.

Qeyd edək ki, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatların azalması böyük narahatlıq doğururdu, çünki dünya böhranı nəticəsində digər inkişafda olan ölkələrdəki kimi bu cür ehtiyatların “əriməsi” ehtimalları yaranırdı. Böhran prosesinin əvvəlində Rusiya, Ukrayna, Qazaxıstan, Ermənistan kimi dövlətlərdə milli valyutaların qorunması məqsədi ilə ölkələrin valyuta ehtiyatları iri miqdarlarda xərclənilirdi ki, nəticədə bu ehtiyatlar sıfıra enmə təhlükəsi yaranmışdı. Bu səbəbdən həmin ölkələr milli valyutaların devalvasiyasına əl atmağa məcbur olub. Azərbaycanda dövlət rəhbərliyi səviyyəsində manatın sabit qalması məqsədi qoyulub ki, buna da digər alətlərlə yanaşı, rəsmi valyuta ehtiyatların daxili bazarda satılması yolu ilə nail olmaq olar. Digər tərəfdən böhran nəticəsində dünyada faiz dərəcələrin azalması ehtiyatların gəlirliyini kəskin aşağı salaraq bu istiqamətdə də mənfi tendensiya yaradıb. Bu səbəbdən may ayında Mərkəzi Bankın rəsmi valyuta ehtiyatların artmağa başlaması makroiqtisadi baxımından çox vacib məna daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR