Xarici valyutada verilmiş kreditlər üzrə orta faiz dərəcələri 0,37 faiz bəndi artaraq 16,98%-ə bərabər olub. Bu dövrdə hüquqi şəxslərə xarici valyutada verilən kreditlər üzrə orta faiz dərəcəsi ötən ilin müvafiq dövründəki 14,37%-dən hesabat dövrünün sonuna 15,05%-ə çatıb, fiziki şəxslərə xarici valyutada verilən kreditlər üzrə faiz dərəcəsi isə 20,89%-dən 20,27%-ə enib:
| Orta dərəcələri | Hüquqi şəxslər üzrə | Fiziki şəxslər üzrə | |||
| Manat | Valyuta | Manat | Valyuta | Manat | Valyuta |
01.05.09 | 16.25 | 16.98 | 13.43 | 15.05 | 21.06 | 20.27 |
01.01.09 | 17.45 | 14.52 | 14.87 | 12.37 | 21.53 | 21.52 |
01.05.08 | 17.89 | 16.61 | 16.01 | 14.37 | 20.96 | 20.89 |
Faiz dərəcələrinin təhlil olunan müddət ərzində qalxıb-enmələrindən başqa, digər maraqlı məqam manat və valyuta üzrə faiz dərəcələrinin müqayisəsidir. Göründüyü kimi, hüquqi şəxslərə verilən kreditlər üzrə banklar valyuta kreditlərindən daha yüksək faiz dərəcəsini iddia edir, lakin fiziki şəxslərə verilən kreditlər üzrə vəziyyət tam əksinədir, yəni manat kreditləri üzrə dərəcələri xarici valyuta kreditlərindən daha yüksəkdir.
Qeyd edək ki, valyutadan asılı olaraq kreditlər üzrə fərqli faiz dərəcələrinin təyin edilməsi bankların valyuta məzənnə risklərinin idarə edilməsinin tərkib hissəsidir. Belə ki, adətən, dəyəri aşağı düşə biləcək valyuta üzrə kredit faiz dərəcələrini banklar daha yüksək təyin edir ki, yarana biləcək məzənnə itkilərdən qorunmağa imkan versin. Bu da həm hüquqi, həm fiziki şəxslərə verilən kreditlərə aid olunur. Lakin göründüyü kimi, manat/valyuta kreditləri üzrə faiz dərəcələri hüquqi və fiziki şəxslərə verilən kreditlərdə tam əksinədir. Həmin vəziyyət yalnız bir amillə izah oluna bilər. Belə ki, hüquqi şəxslər daha çox xarici valyutada olan kreditləri, fiziki şəxslər isə, əksinə, manat kreditləri cəlb edir ki, nəticədə, daha çox qazanmaq üçün banklar tərəfindən göründüyü faiz nisbətləri təyin olunur.
Bundan başqa, fiziki şəxslərə verilən kreditlər üzrə faiz dərəcələrinin hüquqi şəxslər üzrə göstəricilərdən nəzərə çarpan dərəcədə yüksək olduğu da diqqəti cəlb edir. Belə ki, manatla kreditlərdə fiziki şəxslər üzrə hüquqi şəxslərdən 1,6 dəfəlik, xarici valyuta ilə kreditlərdə isə 1,4 dəfəlik artıq olan faiz dərəcəsi müşahidə olunur. Bu da ilk növbədə fiziki və hüquqi şəxslərin kreditlərinin miqdarlarda olan fərqdən irəli gəlir ki, hüquqi şəxslərin kreditləri daha iri miqdarda olduğundan bunlar üzrə faiz dərəcələri daha aşağıdır.