Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı «Azərdəmiryolbank»a kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı «Azərdəmiryolbank»a kredit ayırıb
# 25 iyun 2009 12:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankına (SKB) 13 mln. ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib. «APA-Economics»in məlumatına görə, bunu AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Frensiz Deley bildirib.

Onun sözlərinə görə, AYİB Azərbaycanın bank sektoruna dəstəyini davam etdirir. Belə ki, AYİB-in Direktorlar Şurasının qərarı ilə «Azərdəmiryolbank»a 13 mln. dollar məbləğində vəsaitin ayrılması təsdiqlənib: «Kredit üzrə tərəflər arasında imzalanma mərasiminin iyulda keçiriləcəyi gözlənilir».

F.Deley həmçinin bildirib ki, eyni zamanda AYİB Azərbaycanın digər bankları ilə də xaricdən vəsaitin cəlb edilməsinə dair danışıqlar aparır.

Qeyd edək ki, AYİB-in «Azərdəmiryolbank»a ayıracağı vəsaitin 10 mln. dolları Azərbaycanda mikrokreditlərin verilməsi, 3 mln. dolları isə kiçik və orta sahibkarlığın inkişafına yönəldiləcək.

Xatırladaq ki, «Azərdəmiryolbank» SKB-nin 850-yə yaxın səhmdarı var. Bankın nizamnamə kapitalında «25%+1 səhm» paketi AYİB-ə, 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur.
«Azərdəmiryolbank» SKB 1989-cu ildə təsis edilib və hazırda bankın respublika üzrə 31 filialı və şöbəsi fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 209,32 mln. manat, kredit portfeli 160,35 mln. manat, məcmu kapitalı isə 39,62 mln. manat təşkil edib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 1 mlrd. dollardan arıq olan 50-dən çox investisiya layihələrinin icrasına qoşulub. Bank əsas diqqətini maliyyə sektorunun dayanıqlı inkişafı, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi və qeyri-neft özəl sektorunun inkişafı məsələlərinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR