Bank Of Baku

«Azərdəmiryolbank» adını dəyişir

«Azərdəmiryolbank» adını dəyişir
# 02 oktyabr 2009 10:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankının (SKB) səhmdarlarının ümumi yığıncağının qərarı ilə yaxın vaxtlarda bankın brendinin «DəmirBank»a dəyişdirilməsi nəzərdə tutulur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, səhmdarların ümumi yığıncağında «Azərdəmiryolbank» adının «DəmirBank»la əvəzlənməsi və bununla bağlı zəruri hüquqi proseduraların həyata keçirilməsi qərara alınıb.

Səhmdarların ümumi yığıncağında bankın Müşahidə Şurasının sədri Rəhman Hacıyev «Azərdəmiryolbank»ın 20 il öncə, 1989-cu ilin oktyabr ayında fəaliyyətə başladığını, bu illər ərzində bir çox mühüm nailiyyətlər əldə etdiyini və ölkənin aparıcı banklarından birinə çevrildiyini bildirib. R.Hacıyev bankın gələcək inkişafı üçün brendin dəyişdirilməsinin zəruri olduğunu qeyd edib.

Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarovun sözlərinə görə, ölkənin bank sektorunda artan rəqabət şəraitində «güclü brend» amili mühüm əhəmiyyət kəsb edir. Y.Cabbarov bankın adının dəyişdirilməsi ilə bağlı bir çox müzakirələr aparıldığını, eləcə də geniş ictimaiyyətin və peşəkar reklam şirkətlərinin fikirlərinin öyrənildiyini vurğulayıb.

Qeyd edək ki, bankın brendinin dəyişdirilməsi «Azərdəmiryolbank»ın müştəri və tərəfdaşlarla bağladığı müqavilə və sənədlərə təsir etməyəcək. İmzalanmış bütün müqavilə və sənədlər öz hüquqi qüvvəsini saxlayır.

Xatırladaq ki, 850-yə yaxın səhmdarı olan «Azərdəmiryolbank» SKB-nin nizamnamə kapitalında «25%+1 səhm» payı Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur. Hazırda bankın respublika üzrə 29 filialı, 40 bankomatı və 240 POS-terminalı fəaliyyət göstərir.

Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 215,4 mln. manat, kredit portfeli 163,5 mln. manat, depozit portfeli 60,187 mln. manat, məcmu kapitalı 39,7 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,4 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR