Bank Of Baku

«Bank olmayan kredit təşkilatları haqqında» qanun layihəsi yenidən Azərbaycan parlamentinin müzakirəsinə çıxarılır

«Bank olmayan kredit təşkilatları haqqında» qanun layihəsi yenidən Azərbaycan parlamentinin müzakirəsinə çıxarılır
# 05 oktyabr 2009 14:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Milli Məclisi iqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında üç məsələ müzakirə olunub. «APA-Economics»in məlumatına görə, öncə «Gömrük Əməkdaşlığı Şurasının yaradılması haqqında» Konvensiyaya dəyişikliklərin təsdiq edilməsi haqqında qanun və «Dövlət rüsumu haqqında» qanuna əlavə və dəyişikliklərin edilməsi barədə qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi barədə qanun layihəsi müzakirə edilib. Hər iki qanun layihəsinin Milli Məclisin plenar sessiyasına çıxarılması tövsiyə olunub.

Daha sonra «Bank olmayan kredit təşkilatları haqqında» qanun layihəsi II oxunuş üçün müzakirəyə çıxarılıb. Qeyd olunub ki, qanun layihəsində bank olmayan kredit təşkilatlarının müstəqilliyi, birlik və assosiasiyalar yaratma, filial və nümayəndəlik açma hüquqları, onlara lisenziyaların verilməsi, lisenziyaların ləğvi və s. aspektlər əksini tapıb. Qanun layihəsinə əsasən, müraciət əsasında Mərkəzi Bank tərəfindən bank olmayan kredit təşkilatlarına müddətsiz lisenziya verilə bilər. Onlar bununla əhalidən əmanət qəbul edə bilərlər. Eyni zamanda, bu təşkilatlar icazə əsasında özlərinin filial və nümayəndəliklərini də yaratmaq hüququna malik olacaq. Bank olmayan kredit təşkilatları borc öhdəliklərinin alqı-satqısı, lizinq, veksellərin uçotu, qarantiya verilməsi, sığorta agenti xidmətləri və s. fəaliyyət göstərə bilər.

Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev bildirib ki, hazırda Azərbaycanda 18 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. Bu təşkilatların verdikləri kreditlərin ümumi həcmi 160 mln. manatdır, bir çoxunun təsisçi rolunda isə beynəlxalq donorlar çıxış edir.

A.Quliyev onu da vurğulayıb ki, qanun bank olmayan kredit təşkilatları üçün bir sıra stimul yaradacaq. Bu təşkilatlara ölkənin ucqar yerlərində vəsait cəlb etməsinə imkan veriləcək. Mərkəzi Bank rəsmisi onu da vurğulayıb ki, bank olmayan kredit təşkilatları üçün nizamnamə kapitalı yumşaldılacaq, onlar yalnız rübdə bir dəfə Mərkəzi Banka hesabat verəcək.

Komitə üzvləri qanun layihəsində «girov» predmeti anlayışının dəqiqləşdirilməsi ilə bağlı problemlərin olduğunu qeyd ediblər. Həmçinin, bank olmayan kredit təşkilatları üzərində Mərkəzi Bankın nəzarətini minimuma endirməyi təklif ediblər.

Sonda qanun layihəsi düzəlişlər edilməklə Milli Məclisin müzakirəsinə tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR