Bank Of Baku

Azərbaycanda investorlar üçün sərgi keçirilib

Azərbaycanda investorlar üçün sərgi keçirilib
# 07 oktyabr 2009 10:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) təşkilatçılığı ilə «İnvestorlar sərgisi» adlı konfrans keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə Milli Məclisin iqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə, AMA-nın icraçı direktoru Jalə Hacıyeva, ABŞ-ın İnkişaf Agentliyinin (USAID) ölkə üzrə direktoru Skott Teylor və digər nümayəndələr iştirak ediblər.

Tədbirdə J.Hacıyeva konfransın keçirilməsinin əsas məqsədinin Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatları və mikro-kreditlər təklif edən kommersiya bankları üçün beynəlxalq maliyyə bazarına çıxışını təmin etməkdən ibarət olduğunu bildirib: «Bu konfransda bir çox xarici maliyyə qurumları iştirak edir ki, həmin təşkilatların yatırdığı sərmayələr MDB məkanında ən iri sərmayə hesab olunur. Bu səbəbdən biz düşünürük ki, maliyyə böhranı zamanı konfransın dəstəyi ilə assosiasiyaya üzv olan təşkilatlara yeni kapitala çıxış təmin olunacaq. Bu tədbirdə həmçinin texniki xidmət göstərən maliyyə təşkilatları da iştirak edir ki, bu xidmətlərə maliyyə resurslarının idarə edilməsi və istehlakçıların hüquqlarının qorunması daxildir».

J.Hacıyevanın sözlərinə görə, hazırda xarici investor-şirkətlər tərəfindən mikro-kredit sahəsinə yüz milyonlarla dollar həcmində kreditlər ayrılıb. Bu ilin sentyabr ayının 1-nə olan göstəricilərə əsasən, əldə olunan kreditlərin həcmi 400 mln. dollardan çoxdur və bu vəsait 270 mindən artıq aktiv müştərinin əlində cəmləşib.

Kreditlərin qaytarma əmsalına gəldikdə, J.Hacıyeva məcmu kredit portfeli üzrə risklərin artdığını qeyd edib. İki il bundan öncə ümumi portfeldə risklər 1%-dən aşağı olub, hazırda isə bu rəqəm 3,8%-ə çatıb. Bu isə bəzi biznes növlərində müəyyən çətinliyin yaranması ilə bağlıdır.

Toplantıda çıxış edən Z.Səmədzadə isə son illər ərzində Azərbaycanda aparılan iqtisadi islahatlardan və bunun nəticəsində əldə olunan nailiyyətlərdən danışıb. «Qeyd etmək istəyirəm ki, regionlarda mikro-maliyyə sahəsində aparılan işlər öz bəhrəsini verir. Belə ki, həmin mikro-kreditlər hesabına regionda əhalinin yoxsulluq səviyyəsi azalır və yeni iş yerləri açılır», - deyə millət vəkili vurğulayıb.

Z.Səmədzadə daha sonra bank olmayan kredit təşkilatları haqqında yeni qanun layihəsinin parlamentdə müzakirə olunduğunu və bu sənədin artıq yaxın günlərdə Milli Məclisdə II oxunuşda müzakirəyə çıxarılacağını bildirib.

Qeyd edək ki, konfransın sonunda Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatları üçün sərgi keçirilib. Sərgidə dünyanın ən iri 15 xarici investor təşkilatı, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), «Planet Finance» (Fransa), «Triple Jump» (Niderland), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və digər təşkilatlar edib. Ümumilikdə, sərgiyə 100-ə yaxın yerli və xarici maliyyə təşkilatının nümayəndəsi qatılıb.
Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir və Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü Assosiasiyanın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR