Bank Of Baku

Bakıda Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin təqdimatı keçirilib

Bakıda Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin təqdimatı keçirilib
# 05 mart 2010 10:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) layihəsinin geniş təqdimat mərasimi keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbiri giriş sözü ilə açan AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev KÖMİS layihəsinin ölkə üçün strateji əhəmiyyət daşıdığını və regionda ilk dəfə Azərbaycanda həyata keçirildiyini bildirib.

A.Quliyevin sözlərinə görə, bu sistem «Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı»nda nəzərdə tutulan kommunal xidmətlər müəssisələrinin daxili informasiya sistemlərinin inkişaf etdirilərək elektron ödəniş sistemləri infrastrukturuna inteqrasiya edilməsi tədbiri çərçivəsində yaradılıb. KÖMİS layihəsi yaradılarkən beynəlxalq maliyyə institutlarının texniki yardımından geniş istifadə edilib və bu sahədə mövcud olan mütərəqqi dünya təcrübəsi diqqətlə öyrənilib. Nəticədə, 32 ölkənin 400-ə yaxın təşkilatında istifadə olunan «CheckFree i-Series» informasiya sistemi bazasında yerli tələblərə tam uyğunlaşdlırılmış bir sistem yaradılıb.

A.Quliyev həmçinin qeyd edib ki, AMB tərəfindən bu sistemin yaradılması ilə Milli Ödəniş Sistemi infrastrukturunun resurslarından daha səmərəli və effektiv istifadə edilməsi, kommunal və digər kütləvi xidmətlər üzrə ödənişlərin yığım səviyyəsinin və şəffaflığın daha da artırılması və bu sahədə maliyyə dövriyyəsinin bank sisteminə cəlb edilməsi üçün əlverişli şəarait yaradılıb. Eyni zamanda, müasir texnologiya və proqram təminatına əsaslanan bu sistemin istifadəyə verilməsi nəticəsində abonentlərə istənilən ödəniş xidməti nöqtələrində (bankların və «Azərpoçt» MMC-nin filial, şöbə, xidmət bölmələri, bankomatlar) kommunal xidməti borcları haqqında tam informasiya almaq və istənilən ödəniş mexanizmləri (nağd yolla, plastik kartla, bank köçürmələri, «İnternet Banking») vasitəsilə ödəniş aparmaq imkanı yaradılıb.

Təqdimatda AMB-nin Ödəniş sisitemləri və hesablaşmalar Departamentinin direktor müavini Vahid Qurbanlı layihənin konsepsiyası, yaradılmış sistemin arxitekturası, funksional imkanları, 2009-cu ilin sonuna statistik göstəricilər, sistemin mövcud infrastrukturu və gələcək inkişaf perspektivləri haqqında geniş məlumat verib.

V.Qurbanlı qeyd edib ki, hazırda kommunal xidmətləri sektorunda fəaliyyət göstərən «Bakıelektrikşəbəkə» ASC, «Azəriqaz» İB, «Azərsu» ASC və «Azərenerji» ASC kimi əsas təşkilatlar sistemə inteqrasiya olunub və toplam olaraq 3 milyona yaxın abonent haqqında məlumat sistemə yüklənib. Sistemə qoşulmuş 32 bank və «Azərpoçt» MMC-nin 500-ə yaxın ödəniş məntəqəsində bu təşkilatlar üzrə xidmət haqları qəbul edilir. Həmçinin, ölkədə fəaliyyət göstərən «MilliKart» MMC və «Azerikard» MMC kimi prosessinq mərkəzləri sistemə qoşulub və bu mərkəzlərdə xidmət olunan bankların müştəriləri KÖMİS-in internet servis xidmətindən istifadə etməklə borcları haqqında məlumat ala bilər və plastik kartlar vasitəsilə ödəniş apara bilərlər.

Qeyd edək ki, bu il ərzində sistemə qoşulmuş kommunal xidmətləri müəssisələrinin respublika ərazisindəki bütün xidmət zonalarının əhatə edilməsi və eyni zamanda bu təşkilatlar tərəfindən smart tipli elektron sayğacların tətbiqi layihəsinin KÖMİS-ə inteqrasiyası istiqamətində iş aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR