Bank Of Baku

Bakıda beynəlxalq bank-maliyyə konfrans-sərgisi keçiriləcək

Bakıda beynəlxalq bank-maliyyə konfrans-sərgisi keçiriləcək
# 09 mart 2010 10:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin aprel ayının 13-14-də Bakıda VI Beynəlxalq Banklar və Maliyyə Konfrans-Sərgisi keçiriləcək.

Konfrans-sərginin əsas təşkilatçısı olan «İteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, tədbirə Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən dəstək veriləcək. Azərbaycanın «Amrahbank» ASC və «PriceWaterhouseCoopers» beynəlxalq audit şirkəti isə tədbirin sponsorları qismində çıxış edirlər.

Banklar və Maliyyə Konfransında Azərbaycan, Gürcüstan, Qazaxıstan Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrin mərkəzi bankları, maliyyə nazirlikləri, bank assosiasiyaları və digər maliyyə strukturlarından olan yüksək səviyyəli qonaqlar da daxil olmaqla 200-dən artıq nümayəndənin iştirak edəcəyi gözlənilir. Konfransda EBRD, Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Qara dəniz Ticarət və İnkişaf Bankı, Gürcüstan və Rusiya Banklar assosiasiyalarının nümayəndələri çıxış edəcək.

«Qlobal iqtisadi böhranın fəsadlarının Xəzər regionu ölkələrinin bank sisteminə təsiri» mövzusunda keçiriləcək konfransda kommersiya bankları və müəssisələr üçün kapitalın səfərbər edilməsi üzrə alternativ və effektiv mənbələr qismində regional pul bazarları, habelə regional kapital bazarlarının inkişafı perspektivləri də müzakirə ediləcək. Tədbirdə regionda gələcək bank sektoru modelinin formalaşdırılması mövzusuna ayrıca sessiya keçiriləcək.

Konfransın ikinci gününün əsas mövzusu «Böhran dövründə İslam bank fəaliyyəti prinsiplərinin yüksək effektivliyi və bunun üçün əsaslar» olacaq. Bu müzakirənin əsas iştirakçıları xüsusi olaraq dəvət edilmiş bu sahənin mütəxəssisləri - Yaxın Şərq ölkələrindən olan bank nümayəndələri olacaq.

Qeyd edək ki, konfransla paralel olaraq «Banklar və Maliyyə» sərgisi də keçiriləcək. Bu sərgidə Azərbaycanın aparıcı bankları və sığorta şirkətləri, o cümlədən banklar üçün xidmətlər təklif edən şirkətlər iştirak edəcək. Sərgi iştirakçılarının əsas qismini Gürcüstan, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən olan şirkətlər təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR