Bank Of Baku

Millət vəkili Nazim Məmmədov: «Azərbaycan hökuməti ötən il bir sıra tədbirləri həyata keçirməyə nail olub»

Millət vəkili Nazim Məmmədov: «Azərbaycan hökuməti ötən il bir sıra tədbirləri həyata keçirməyə nail olub»
# 10 mart 2010 11:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan hökumətinin 2009-cu ildə həyata keçirdiyi tədbirlərə dair Milli Məclisə təqdim etdiyi hesabatın təhlili göstərir ki, hökumətin fəaliyyətində əsasən ölkə başçısının tapşırıqları nəzərə alınıb. Bunu hökumətin hesabatını APA-ya şərh edən Milli Məclisin deputatı Nazim Məmmədov bildirib.

N.Məmmədovun sözlərinə görə, hesabatla tanışlıq göstərir ki, hökumət 2009-cu ildə dünyadakı iqtisadi böhrana və xarici faktorlara baxmayaraq, bir sıra tədbirləri həyata keçirməyə nail olub.

«Maliyyə sektorunda ötən il həyata keçirilmiş milli valyutanın devalvasiya olunmaması mühüm addımlardandır. Ajiotaj durumunda Mərkəzi Bankın resurslarından kifayət qədər istifadə olundu. Amma həmin vəsaitlərin necə idarə olunması barədə fikirlər öz əksini tapmayıb. Güman edirəm ki, ötən il hədəflərdən bəzilərinə çatılmışsa da, görüləsi işlər də kifayət qədərdir», - deyə N.Məmmədov vurğulayıb.

N.Məmmədov qeyd edib ki, kommersiya banklarının maliyyə resursları ilə təmin olunmaması problem olaraq qalır. Kredit faizləri hələ də yüksəkdir. Bu məsələnin deputat Milli Məclisdə də qaldırmağı planlaşdırdığını bildirib: «Mərkəzi Bankın mərkəzləşdirilmiş resurslar üzrə faiz dərəcəsi 2% olduğu halda kommersiya banklarının kredit faizləri yüksəkdir. Biz bu fərqin aradan qaldırılması üçün addımlar atılacağını gözləyirdik».

Millət vəkili Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının hökumətin 2009-cu ildəki fəaliyyətinin prioritetlərindən biri kimi qeyd olunduğunu da bildirib. Bu proqram çərçivəsində işsizliyin və yoxsulluğın səviyyəsi aşağı salınıb. Amma regionlarda qazlaşdırmanın tam həll olunmaması, infrastruktur problemləri və s. qalıb.

N.Məmmədov 2009-cu il dövlət büdcəsinin layihəsi müzakirə olunarkən deputatların bir sıra təkliflərinin, o cümlədən ali məktəblərin maliyyələşdirilməsi ilə bağlı qaldırdırılmış məsələnin öz həllini tapdığını vurğulayıb.

Millət vəkili həmçinin bildirib ki, vergi sahəsində islahatların dərinləşdirilməsi, iri vergi ödəyicilərində islahatların aparılması, Rəqabət Məcəlləsinin qəbul olunması deputatları düşündürən bir sıra problemlərin həllinə yardımçı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR