Bank Of Baku

Azərbaycanda yanvar-fevral aylarında bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən vəsait 2,4% artıb

Azərbaycanda yanvar-fevral aylarında bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən vəsait 2,4% artıb
# 17 mart 2010 06:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 076,7 mln. manat və ya əvvəlki ilin müvafiq dövründəkindən 2,4% çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, tikinti-quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi ümumi tikinti işlərində istifadə edilmiş vəsaitin 69,2%-ni təşkil edərək 744,7 mln. manat olub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar inşaat işlərinə 597,3 mln. manat, qeyri-dövlət müəssisələri 479,4 mln. manat vəsait sərf edib. Məhsul istehsalı obyektlərinin inşasında 469,9 mln. manat, xidmət sahələri üzrə obyektlərin tikintisində isə 606,8 mln. manatlıq vəsaitdən istifadə edilib.

Əsas kapitala yönəldilmiş vəsaitin 71,1%-ni daxili, 28,9%-ni isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil edib, daxili mənbələrdən yönəldilən vəsaitlərin 72,3%-i dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 27,7%-i qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşüb.

Cari ildə büdcədən maliyyələşdirilməsi nəzərdə tutulmuş inşaat işlərini həyata keçirmək üçün dövlət büdcəsində 3,549 mlrd. manat vəsait nəzərdə tutulub ki, ilin iki ayı ərzində bu vəsaitin 369,6 mln. manatından istifadə edilib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 582,1 mln. manat (ümumi vəsaitin 54,1%-i), bank kreditləri 48,7 mln. manat (4,5%-i), büdcə vəsaitləri 384,7 mln. manat (35,7%-i), büdcədənkənar fondların vəsaitləri 38,3 mln. manat (3,6%-i), əhalinin şəxsi vəsaitləri 22,6 mln. manat (2,1%-i), digər vəsaitlər 0,3 mln. manat təşkil edib.

Bununla yanaşı, cari ilin yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş bütün vəsaitin 39,5%-i sənaye sahələrinin inkişafına, 4,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa, 3,1%-i ticarətə, 37,3%-i nəqliyyat və anbar təsərrüfatına, 0,6%-i informasiya və rabitəyə, 1,7%-i yaşayışın təşkili və ictimai iaşəyə, 0,1%-i maliyyə və sığorta fəaliyyətinə, 5,6%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlara (ondan 5,5%-i mənzil tikintisinə), 0,9%-i dövlət idarəetməsinə, 0,9%-i təhsilə, 0,7%-i səhiyyəyə, 3,8%-i istirahət, əyləncə və incəsənətə, 1,6%-i inzibati və yardımçı xidmətlərin, 0,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

Yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 706,7 mln. manatı (65,6%-i) qeyri-neft bölməsinin, 370 mln. manatı (34,4%-i) neft bölməsinin inkişafında istifadə edilib.

Qeyd edək ki, 2010-cu ilin ilk iki ayında Naxçıvan şəhərində ildə 5 min ədəd minik avtomobili istehsal etmək gücünə malik Avtomobil zavodu, Qəbələ rayonunda «Gilan» Piano fabriki, meyvə-tərəvəz saxlamaq üçün 5 min tonluq soyuducu anbar, Avtovağzal binası, ölkənin müxtəlif bölgələrində bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 155,5 min kvadrat metr olan yeni yaşayış evləri, 50 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Ağdaş və Göyçay rayonlarında Olimpiya İdman kompleksləri, Bakı şəhərində «Dalğa Plaza» İş Mərkəzi, Gəncə şəhərində «Ramada Plaza» mehmanxanası, Qəbələ rayonunda «Qafqaz Resort» mehmanxanası və «Fitnes» Sağlamlıq Mərkəzi istifadəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR